BAKI, TurkicWorld
Qarabağ məsələsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə birlikdə Azərbaycanın yanında olmağa davam edəcəyik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı danışıb.
Hakan Fidan qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması bütün türk dünyasının ortaq prinsipinə çevrilib. O əlavə edib ki, TDT ölkələri bu məsələdə vahid mövqe sərgiləməkdə qərarlıdır.
Çıxışı zamanı Fidan Fələstin məsələsinə də toxunub. O bildirib ki, “Fələstində dinc əhaliyə qarşı aclığın silah kimi istifadə edilməsi və fələstinlilərin deportasiya ilə hədələnməsi insanlıq adına qəbuledilməzdir.” Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət bu məsələdə səssiz qalmamalı və İsrailə qarşı konkret və təsirli addımlar atmalıdır.
Nazir Hakan Fidan həmçinin vurğulayıb ki, Türk Dünyasının əbədi olması üçün güclü siyasi iradə mövcuddur və bu iradə zirvədə iştirak edən bütün dost ölkələrdə hiss olunur.
O, TDT Xarici İşlər Nazirləri Şurasının və Budapeştdə keçirilən Qeyri-rəsmi Zirvə Toplantısının Türk dünyasının inteqrasiya prosesi üçün mühüm nəticələr doğuracağına ümid etdiyini bildirib.
Fidanın bu bəyanatları, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada artan nüfuzunun və regional məsələlərdə birgə mövqeyinin gücləndirilməsinin göstəricisi kimi dəyərləndirilir.