İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun bərpasını alqışlayır - nazir Yoel Razvozov (Müsahibə) (FOTO/VİDEO)

İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun bərpasını alqışlayır - nazir Yoel Razvozov (Müsahibə) (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

İsrail şirkətləri həmişə Azərbaycanda işləməyə çalışırlar, çünki etimad var.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda səfərdə olan İsrail-Azərbaycan birgə hökumətlərarası komissiyanın həmsədri, İsrailin turizm naziri Yoel Razvozov deyib.

"Səfərin proqramı çox zəngin idi. Mən təkcə İsrailin Turizm Nazirliyini təmsil etmirəm, həm də İsrail-Azərbaycan hökumətlərarası komissiyasının həmsədriyəm. Azərbaycan tərəfdən həmsədr, iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə biz bir sıra görüşlər keçiririk, xüsusən də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlıq məsələləri ilə bağlı. Çoxlu işlər görülüb, lakin böyük potensial var, ona görə də biz növbəti addımlar üzərində işləyirik. Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlə başlayıb. Biz çox səmimi görüş keçirdik və hər iki dövlətin təbliği ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovla da görüşlər keçirmişəm. Bütün görüşlər məhsuldar keçdi", - deyə o bildirib.

Yoel Razvozov qeyd edib ki, İsrail şirkətləri ilə Azərbaycanın dövlət qurumları arasında iki saziş imzalanıb.

"Azərbaycanın Dövlət Vergi Xidməti, eləcə də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə sənədlər imzalanıb. Bu, hələ başlanğıcdır, biz daha bir çox müqavilələr imzalayacağıq", - israilli nazir vurğulayıb.

Yoel Razvozov AZAL rəhbərliyi ilə danışıqların təfərrüatlarından da danışıb.

"AZAL rəhbəri ilə yayda şirkət həyata keçirdiyi reyslərinin sayını həftədə ikidən beşə çatdırmaq barədə razılığa gəldik. İsrail şirkətləri də Azərbaycana uçuşları artıracaq. Birbaşa uçuşların olması turist axınının səviyyəsinin artmasına, bununla da turizm sahəsində əməkdaşlığın inkişafına və ölkələrin populyarlığına kömək edir. Uçuşların sayının artması həmişə iqtisadi amillərdən asılıdır. Əgər 2016-cı ildə Azərbaycana İsraildən 10 000 turist gəlibsə, COVID-19 pandemiyası başlamazdan əvvəl bu rəqəm 50 000-dək artıb ki, bu da uçuşların sayının artırılmasına tələbatın olduğunu göstərir. Azərbaycandan İsrailə də böyük turist axını var. Hesab edirəm ki, hər iki istiqamətdə turistlərin sayını dəfələrlə artırmaq potensialı var", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ötən il İsraildə ticarət və turizm bürosunun açılması iki ölkə arasında biznesin inkişafına töhfə verəcək.

"Turizm ofisinin açılışında iştirak etmək mənim üçün böyük şərəf idi. Biz Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə ofis açdıq, o da çox böyük işlər görür. Ofis çox yaxşı yerdədir. Orada siz Azərbaycan haqqında çox şey görə bilərsiniz. Bu büro təkcə İsraildən deyil, digər ölkələrdən də turistlərin cəlb edilməsinə kömək edəcək, çünki Təl-Əvivə dünyanın hər yerindən turistlər gəlir", - Yoel Razvozov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan israillilər üçün maraqlı turizm istiqamətidir.

"Azərbaycanda çox görməli yerlər var, hər dəfə burada yeni məkanlar kəşf edirəm. İsraildə də Azərbaycandan olan turistlərin marağına səbəb ola biləcək gəzməli-görməli yerlər var: Təl-Əviv - 24/7 yaşayan startaplar şəhəri, Eylat, Qırmızı dəniz, Aralıq dənizi. Biz həmçinin qida, şərabçılıq və etnik turizmi inkişaf etdiririk. Düşünürəm ki, israillilər Azərbaycanda xüsusilə qış turizminə maraq göstərə bilərlər. Azərbaycan israillilər üçün maraqlı turizm məkanıdır. Bu gözəl ölkədir - doqquz iqlim tipi var, israilli turistə lazım olan hər şey var. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra biz sərhədlərimizi açmışıq və Azərbaycandan gələn turistləri isti ölkəmizdə gözləyirik. Düşünürəm ki, reyslərin sayı artdıqdan sonra da onlara tələbat böyük olacaq. Biz bu istiqamətdə əməkdaşlığa böyük ümidlər bəsləyirik. Turizm xalqlar səviyyəsində əlaqələrin inkişafına kömək edir", - Yoel Razvozov əlavə edib.

Bu il İsraillə Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiklərini deyən nazir bu müddət ərzində çox böyük işlərin görüldüyünü vurğulayıb.

"Qürur duyacağımız çox şey var. 30 il ərzində böyük işlər görülüb və bu gün biz onun bəhrəsini görürük. Amma daha çox potensial var. Biz daha çox şey edə bilərik. Ona görə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla biznesin rahat aparılmasını təmin etmək üçün iqtisadi əlaqələrin təşviqi üçün müvafiq platformanın yaradılmasını müzakirə edirik. Bizim əməkdaşlığı inkişaf etdirə biləcəyimiz çoxlu sənaye sahələri var. Bəzi hökumətlərarası komissiyalar nominaldır, lakin elələri var ki, həqiqətən işləyir və fəaliyyət göstərir. İsrail-Azərbaycan hökumətlərarası komissiyasının iclasları həmişə konkret nəticələrlə yekunlaşır. Biz biznes üçün ən əlverişli şəraitin yaradılmasına çalışırıq. Hökumətlər, millətlər arasında etimad biznesin inkişafı üçün mühüm amildir. İsrail şirkətləri Azərbaycanda biznes qurmaqdan çəkinmirlər. Biznesdə həmişə risklər var. İsrail şirkətləri həmişə Azərbaycanda işləməyə çalışırlar, çünki etimad var, yaxşı münasibətlər var”, - deyə o əlavə edib.

Yoel Razvozov Azərbaycan ilə İsrail arasında çox sıx dostluq münasibətlərinin olduğunu vurğulayıb.

"Bu münasibətlər strateji xarakter daşıyır. İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun bərpasını alqışlayır. İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafında iştirak etməyə hazırdır. Səfərimin gündəmində bu mövzu da var. İş qrafiki sıx olduğundan Füzuli Beynəlxalq Hava Limanına getməyə vaxtım olmadı. Ümid edirəm ki, növbəti dəfə bu hava limanını ziyarət edə biləcəyəm. Tələbat olarsa, İsrail şirkətləri də Füzuli Beynəlxalq Hava Limanına da uçuşlar həyata keçirməyə maraq göstərəcək. İsrail şirkətləri işğaldan azad edilmiş ərazilərdə su təchizatı, ağıllı şəhərlərin tikintisi kimi layihələrdə, eləcə də enerji sektorunda iştirak etməyə hazırdır. Biznesin qurulması ilə burada turizmin inkişafına da maraq yaranacaq. Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək”, - deyə o bildirib.

Nazir Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinə hörmətlə yanaşılmasını da yüksək qiymətləndirib.

"Azərbaycanda yəhudi icması həmişə başqa xalqların nümayəndələri ilə sülh şəraitində yaşayıb. Səfər zamanı mən Bakıda iki sinaqoqda oldum və ölkə rəhbərliyinin Azərbaycanda dinlərə, xüsusən də Azərbaycan yəhudi icmasına dəstəkdə özünü biruzə verən tolerantlıq səviyyəsi məni çox xoş təəccübləndirdi", - Yoel Razvozov qeyd edib.