Bakı. TurkicWorld:
104 il əvvəl erməni daşnakları və bolşeviklər tərəfindən əksəriyyəti qadın, qoca və uşaqlardan ibarət 50 mindən çox dinc azərbaycanlılara qarşı Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Zəngəzurda, Xaçmazda, Naxçıvanda, Qarabağda müxtəlif işgəncələrlə üç gün davam edən soyqırımı törədildi.
Bunu TurkicWorld-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu vurğulayıb ki, müdafiəsiz insanlar yandırıldı, güllələndi, diri-diri basdırıldı və parçalanaraq vəhşicəsinə qətlə yetirildi. Bu günahsız qurbanlara məxsus onlarla kütləvi məzarlıq tapılıb.
"Birinci Dünya Müharibəsində Dövlət-i-Aliyyə (Osmanlı) 10 müxtəlif cəbhədə vuruşsa da, bu vəhşiliyə müdaxilə edərək öz qardaşlarına kömək etmək üçün Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Qafqaz İslam Ordusu qısa zamanda erməni və bolşevik ünsürlərini darmadağın edərək Bakıya çatdı və insanlığa qarşı törədilən bu vəhşiliyin qarşısını aldı", - Y.Topçu bildirib.
Türkiyə Prezidentinin baş müşaviri qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin səyləri ilə 1918-ci il hadisələri müstəqil tarixçilər tərəfindən yenidən obyektiv şəkildə araşdırılaraq, Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilən vəhşiliyin planlı bir soyqırımı olduğu ortaya çıxarıldı.
"Bundan sonra 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edildi və hər il yad edilməyə başlandı.
Türk-İslam dünyası və bütün yaxşı insanlar tərəfindən heç vaxt unudulmayan “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”ndə soyqırım şəhidlərinin, Nuru Paşa və onun qəhrəman əsgərlərinin, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiram və rəhmətlə anırıq. Ruhları şad, məkanları cənnət olsun", - deyə Y.Topçu əlavə edib.