Son dəqiqə

Azərbaycan Türkmənistan

Azərbaycan Səfirliyi Türkmənistanda keçirilən sərgidə təmsil olunub

Bakı, TurkicWorld

Azərbaycanın Türkmənistandakı Səfirliyi Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən Diplomatiya gününə həsr olunmuş sərgidə iştirak edib.

TurkicWorld xəbər verir ki, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən kitablar, broşürlər, foto-açıqcalar, suvenirlər və sənətkarlıq nümunələri, habelə “Made in Azerbaijan” brendi məhsulları nümayiş olunub və qonaqlara təqdim edilib.

Eyni zamanda, türkmən dilində nəşr olunmuş Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” və Nizami Gəncəvinin əsərləri sərgi iştirakçılarına təqdim olunub.

Sərgi çərçivəsində COP29-a dair informativ məlumatlar əks olunmuş bannerlər nümayiş etdirilib, həmçinin sinevizyon vasitəsilə COP29-da əldə olunan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx da göstərilib.

Bundan əlavə, tədbirdə milli geyimlərimiz sərgilənib, habelə Azerbaijan.travel turizm platformasının təqdimatı keçirilib. Ziyarətçilərə Azərbaycanın zəngin milli mətbəxi barədə məlumat verilib, ləziz yeməklər və şirniyyatlar təqdim olunub.

Son olaraq isə, Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan stendi ilə tanış olub. Sərgiyə gələn qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstərib.

Mövzuya görə xəbərlər