Son dəqiqə

Azərbaycan Qarabağ Şuşa Hikmət Hacıyev Xankəndi Qafqaz Albaniyası Həsən Cəlal Davla Gəncəsər və Xudavəng kilsələr

Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət edib.

Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Gəncəsər və Xudavəng kilsələri qədim Alban xristian irsinin ayrılmaz hissəsidir.

"Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal Davla tərəfindən inşa edilib və Qafqaz Albaniyasının çoxəsrlik xristian irsinin mühüm sübutlarından biridir", – deyə Hikmət Hacıyev qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, işğal illərində bu abidələr memarlıq həqiqiliyinə və ilkin xarakterinə xələl gətirən, müvəqqəti "bərpa" adı altında həyata keçirilən kənar müdaxilələrə məruz qalıb.

"Azərbaycan ərazisindəki hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti onların qorunmasına, mühafizəsinə və bərpasına sadiqdir", – deyə o bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın çoxmədəniyyətli və çoxdinli irsinin qorunması sahəsində təcrübəsi beynəlxalq səviyyədə tanınıb.

"Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırıq", – deyə Prezidentin köməkçisi vurğulayıb.

O, həmçinin bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını həmin abidələri ziyarət etməyə və ərazidəki reallığı öz gözləri ilə görməyə çağırıb.

"Görmək inanmaqdır", – deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.

Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.

Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.

Mövzuya görə xəbərlər