Son dəqiqə

Azərbaycan

Azərbaycanda elektron satınalmaların dəyəri 12%-dən çox artıb

Bakı. TurkicWorld:

2026-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanda həyata keçirilmiş 4 596 elektron satınalmanın məbləği 2 milyard 341,2 milyon manat təşkil edib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.

2025-ci ilin eyni dövründə ölkədə həyata keçirilmiş 4 582 elektron satınalmanın məbləği 2 milyard 81,8 milyon manat təşkil etmişdi.

Beləliklə, 2026-cı ilin yanvar-iyul ayları ərzində keçirilmiş elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 0,3%, məbləğ üzrə isə 12,5% artıb.

"Elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, satınalma proseslərinin daha əlçatan müstəviyə keçdiyini və rəqabət mühitinin genişləndirilməsi istiqamətində müsbət dinamikanın formalaşdığını göstərir", - məlumatda qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev bir müddət əvvəl deyib ki, dövlət satınalmalarında rəqəmsal transformasiya istiqamətində müsbət dinamika müşahidə olunur.

"2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9 faiz təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir", – deyə o qeyd edib.

Sədr müavini vurğulayıb ki, müsbət dinamika 2026-cı ildə də davam edir. Onun sözlərinə görə, ilin ilk yarısında 3 500-ə yaxın elektron satınalma keçirilib və onların ümumi məbləği 1,7 milyard manat təşkil edib. Həmin dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.

Mövzuya görə xəbərlər