24 fevral 2022-ci il tarixində Azərbaycan Gənc Diplomatlar Birliyi, Rusiyanın “ALEF” Yəhudi Gənclər Təşkilatı və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının “Azİz” birgə nümayəndə heyəti 28 illik erməni işğalından azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edib.
Nümayəndə heyətinə Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi və “ALEF”-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Əlibaşir Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin Qarabağ Regional Bölməsinin rəhbəri Emil Qasımov və Azərbaycan Gənc Diplomatlar Birliyinin İsraildəki nümayəndəliyinin rəhbəri, eləcədə Azərbayca-İsrail Beynəlxalq Assosiasiyasının gənclər təşkilatının üzvü Rafael Nəbizadə. Səfər zamanı nümayəndə heyətinin üzvləri Şuşa şəhərinin mədəni-tarixi yerləri ilə tanış olublar, xüsusilə Şuşa qalası, Cızır düzü yaylası, erməni vandalları tərəfindən atəşə tutulmuş Üzeyir Hacıbəyovun, Bülbülün və Natəvanın büstləri, Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, məşhur Qarabağ mehmanxanası, Gövxar ağa məscidi və s.
Əlibaşir Əliyev qədim Azərbaycan şəhəri Şuşanın tezliklə bərpası və abadlaşdırılmasına əminliyini ifadə edib, bu prosesdə Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın ən mühüm rolunu qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan ordusu unikal Şuşa əməliyyatı keçirərək şəhəri azad edib. İndi isə bu müqəddəs torpaqlarda sülhün, quruculuğun və inkişafın vaxtı çatıb.
Emil Qasımov yaxın vaxtlarda Azərbaycan Gənc Diplomatlar Birliyinin Qarabağ Regional Bölməsinin Ağcabədi şəhərindən Şuşa şəhərinə köçürüləcəyini açıqlayıb. Bu, Şuşada müxtəlif tədbirlərin, o cümlədən beynəlxalq konfransların təşkilinə və keçirilməsinə töhfə verəcək. O, həmçinin əlavə edib ki, Qarabağ sürətlə bərpa olunan və uğurla inkişaf edən region kimi bütün dünyaya nümunə olacaq.
Öz növbəsində, Rafael Nəbizadə Qarabağın bərpasında Azərbaycan-İsrail münasibətlərinin mühüm rolunu qeyd edib. İsrail şirkətləri bu prosesdə fəal iştirak edirlər. O, həmçinin ümid etdiyini bildirib ki, İsrailli gənclər və tələbələr tezliklə Qarabağa səfər edə və gələcəkdə bu regionun inkişafına sərmayə qoya biləcəklər. Azərbaycan Gənc Diplomatlar Birliyinin İsraildəki nümayəndəliyinin rəhbəri və Azərbayca-İsrail Beynəlxalq Assosiasiyasının “Azİz” gənclər təşkilatının üzvü kimi Rafael Nəbizadə buna öz töhfəsini verəcəyini bildirib.
Səfərin sonunda nümayəndə heyəti bütün Azərbaycan Şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!