Prezident İlham Əliyev təkzibolunmaz faktlarla Marqarita Simonyanı ifşa etdi - ŞƏRH

Prezident İlham Əliyev təkzibolunmaz faktlarla Marqarita Simonyanı ifşa etdi - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin təkzibolunmaz faktlara, təsdiqlənmiş statistik göstəricilərə, tutarlı arqumentlərə söykənən cavabları "RT" telekanalının və "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın vətəndaşı olduğu ölkənin deyil, Ermənistanın maraqlarının təmsilçisi kimi davrandığını, hamıya bəlli olan həqiqətləri etnik kimliyinin süzgəcindən keçirərək tamaşaçılara və oxuculara təqdim etdiyini sübuta yetirdi və Simonyanın bir neçə böyük media resursunun rəhbəri və “jurnalist” kimi fəaliyyətinin peşə prinsiplərindən nə qədər uzaq olduğunu göz önündə sərgilədi.

Bunu TurkicWorld-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, cənab Prezidentin Marqarita Somonyanın əsassız, erməni təbliğatçılarının uydurduqları yalanlara söykənən iddialarının qarşılığında “siz indiki halda erməni kimi sual verdiniz” deməsi, təkcə sözügedən şəxsin deyil, bütövlükdə Rusiyanın müxtəlif media resurslarında çalışan erməni əsilli jurnalistlərin, ekspert və aparıcıların fəaliyyətinin əsl mahiyyətini tam çılpaqlığı ilə ortaya qoydu.

“Sirr deyil ki, Rusiyanın media məkanında uzun illərdən bəri kök salan erməni əsilli şəxslər özlərini yaşadıqları ölkənin maraqlarının müdafiəçisi kimi təqdim etsələr də, əksər hallarda Ermənistanın və dünya ermənilərinin əsassız iddialarının, yalan və böhtanlarının təbliği ilə məşğul olur, qərəzli yanaşmaları ilə Rusiyanın nüfuzuna zərbə vururlar.

Təəssüf ki, əksər hallarda erməni təbliğatı ilə məşğul olan bu şəxslərin əməllərinin qarşısı alınmır, onlara “Rusiyanın maraqlarının müdafiəsi” adı altında öz zərərli təbliğatlarını aparmalarına şərait yaradılır. Marqarita Simonyan və onunla eyni şəbəkədə təmsil olunan erməni əsilli və ermənipərəst media təmsilçilərinin, ekspert və siyasətçilərinin uzun illərdən bəri apardıqları təbliğatın əsas məqsədi Rusiyanın, bu ölkəyə və rus xalqına qarşı heç bir qərəzi olmayan, əksinə, yaxın qonşuluq və dostluq münasibətlərini inkişaf etdirmək istəyən xalqların, dövlətlərin gözündən salmaq, etimadına zərbə vurmaq və bundan Ermənistanın, dünya ermənilərinin maraqları üçün faydalanmaqdan ibarətdir.

Bu yanşama erməniliyin yaltaq, hiyləgər, bəsit və arxaik “hamı düşməndir, yalnız mən dostam” kimi qeybətçi təfəkküründən qaynaqlanır”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Rusiya mediasına sızmış ultra erməni milətçiləri öz aqressiv düşüncələrini rus xalqının və dövlətinin mövqeyi kimi ifadə edir, başqa xalqlara, o cümlədən Azərbaycana qarşı nifrətlərini Rusiyanın maraqları müstəvisindən ictimai rəyə sırımağa çalışırlar.

“Bu baxımdan, Prezident İlham Əliyevin Marqarita Simonyanın suallarına cavablarını, həmçinin birinci xanım Mehriban Əliyevanın fikirlərini Rusiyanın media məkanında “meydan sulayan” erməni millətçilərinin təbliğatına vurulan zərbə kimi qiymətləndirirəm. Eyni zamanda, düşünürəm ki, Azərbaycan Prezidentinin nümayiş etdirdiyi mövqe həm Rusiyada yaşayan azərbaycanlılıar, həm də Azərbaycan jurnalistləri, siyasətçiləri və ekspertləri üçün örnək olmalıdır. Bu, mənə görə Rusiyanın media məkanında saxta, yalançı erməni təbliğatına qarşı açıq, prinsipial, faktlara söykənən bir üslubda mübarizə aparmağın vacibliyini və bu təbliğata qalib gəlməyin mümkünlüyünü ifadə edən bir mesaj kimi də qəbul oluna bilər”, - deyə E.Mirzəbəyli əlavə edib.