Ağdamda aparılan sürətli quruculuq Qarabağın sənaye zonasına çevrilməsinə səbəb olacaq - TƏHLİL

Ağdamda aparılan sürətli quruculuq Qarabağın sənaye zonasına çevrilməsinə səbəb olacaq - TƏHLİL

İşğaldan azad edilmiş ərazilər bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə davam etdirilir. Bu işlərlə yanaşı, Azərbaycanın digər regionlarının inkişafına böyük diqqət ayrılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Trend-in sualına cavab olaraq bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam rayonuna indiyədək bir neçə dəfə səfər edib və mühüm layihələrin təməllərini qoyublar.

"Ağdama növbəti səfər bu bölgədə tikinti-dirçəliş işlərinin ahəngdarlığının daha da artdığını və Ağdamın nəzərdə tutulduğundan da sürətlə “Böyük Qayıdış”a hazırlaşdığını göstərir. Artıq cəmi bir il keçməsinə baxmayaraq, burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb”, - deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, bu səfər olduqca əhəmiyyətli və Ağdamın gələcək inkişafında həlledici rol oynayan infrastruktur obyektlərinin, iqtisadi və sosial tipli layihələrin istifadəyə verilməsi və təməlinin qoyulması ilə yadda qaldı.

“Cənab Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonunda səfər çərçivəsində “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi. Bununla da rayonun və ətraf bölgələrin elektrik təminatı məsələsi tam həllini tapdı.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Eyni zamanda, genişzolaqlı fiberoptik kabelin çəkilişi Ağdamda ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin istifadəyə verildiyini göstərir. Beləlilkə, artıq bu ərazidə həm öz doğma evlərinə dönəcək insanların, həm də biznes layihələri həyata keçirmək niyyətində olan sahibkarların elektrik və internet xidmətləri ilə təminatı tam başa çatdırıldı”, - deyə deputat əlavə edib.

A.Hüseynov dövlət başçısının təməlini qoyduğu Ağdam Sənaye Parkında iki müəssisənin əhəmiyyəti barədə danışarkən qeyd edib ki, bu bölgə həm də geniş sənaye zonasına çevrilməklə yerli və xarici investorların iqtisadi maraq qovşağı kimi xüsusi əhəmiyyət daşıyır: “Azad edilmiş ərazilər artıq ölkə iqtisadiyyatına reinteqrasiya edilməkdədir. Ötən ilin sonlarında Cənab Prezident “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu, indi isə Ağdam Sənaye Parkında ilk işlərə start verilir. Bu o deməkdir ki, Qarabağ və Şərqi-Zəngəzur sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin əsas güc mərkəzlərindən birinə çevriləcəkdir. Xüsusilə də Ağdamın strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir”.

Millət vəkili əlavə edib ki, Ağdam həm də turizmin perspektivləri baxımından cəlbedici bölgədir: “Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması bu baxımdan turizmin inkişafı üçün əlverişli imkanlar vəd edir. “Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək”.

A.Hüseynov Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərinin qoyulmasını öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasını tezləşdirən mühüm faktor kimi qiymətləndirib. O bildirib ki, Ağdamın böyük quruculuq işlərində mühüm yer alması sosial əhəmiyyət kəsb etməklə, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Ağdam rayonunda əsası qoyulan iqtisadi inkişaf layihələri birbaşa regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılmasının təmin edilməsini nəzərdə tutur.

Millət vəkili Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədiyə səfərini də əhəmiyyətli iqtisadi və sosial hadisə kimi dəyərləndirib.

O bildirib ki, Ağcabədidə Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturları şəbəkəsinin çoxşaxəli qovşağa çevrilməsində mühüm rol oynayır.

“Eyni zamanda, Ağcabədidə DİN-in Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyinin açılışı bu bölgənin təhlükəsizliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Bununla yanaşı, “Ağcabədi”də yeni elektrik yarımstansiyasının açılışı da bu bölgənin vahid enerji sistemlərində birləşməsinə imkan verəcəkdir. “Ağcabədi taxıl Aqropark”ının yaradılması isə bu bölgənin aqrar sahənin inkişafında rolunu artıracaqdır. Aqropark kənd təsərrüfatı məhsullarının emalı və sənaye komplekslərinin mərkəzi kimi bu bölgənin ərzaq təminatında da əhəmiyyətli rol oynayacaqdır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında qeyd edib ki, bütün bu səfərlər Qarabağın dirçəliş prosesinin tərkib hissəsi kimi qiymətləndirə bilərik.

“Cənab Prezident son illərdə ölkə üzrə bütün təmir-bərpa işlərilə şəxsən yaxından tanış olur. Bu da abadlıq-quruculuq işlərinə olan nəzarətin bəhrəsidir ki, artıq ölkəmiz gündən-günə gözəlləşir, abadlaşır.

Ermənistan bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturu dağıdıb. Lakin bu gün Qarabağda quruculuq işləri ardıcıllıqla həyata keçirilir. Dövlətimizin başçısı bununla bağlı tez-tez tapşırıqlar verir, tövsiyələrini bildirir. Xalqımızın istək və arzularını reallaşdırmaq niyyətində olan prezidentimiz çalışır ki, azad olunan ərazilərimizdə tezliklə həyat bərpa olunsun, insanlar firavan, ömürlərini ata-baba yurdlarında davam etdirsinlər. Qarabağ tamamilə müasir üslubda, qədimliyini qoruyaraq bərpa olunur”, - deyə deputat bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılmışdır.

“Cənab Prezident Ağdama sonuncu səfəri zamanı bu sənaye parkının təməlini qoymuşdu. Artıq bu dəfə Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin əsası qoyuldu. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması Qarabağda sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməklə yanaşı, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur.

Bu, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətli olacaqdır. Bu müəssisədə açılacaq olan yeni iş yerləri Ağdam əhalisinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını alacaq.

Bəs, bu müəssisələr necə açılacaq? Bunun üçün dövlət və yerli sahibkar birliyi gərəklidir. Başqa ölkələrə yatırımlar edən iş adamları öz doğma torpaqlarımıza investisiya qoymaqla dirçəliş prosesini daha da tezləşdirməlidirlər.

Dövlətimiz sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir. Əlbəttə ki, bölgələrdə qurulacaq olan infrastruktur layihələrinin icrası sahibkarlıq üçün gözəl imkanlar yaradır”, - deyə deputat əlavə edib.