Son dəqiqə

Azərbaycan Muxtar Fatih Beydili

Hələb türkmənləri Azərbaycana başsağlığı verib

Bakı. TurkicWorld:

Hələb türkmənləri Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.

Bu haqda Suriya Türkmən Təbiblər birliyinin rəhbəri Muxtar Fatih Beydili TurkicWorld-a açıqlamasında bildirilib.

“Qardaş ölkəmiz Azərbaycanda baş verən təyyarə qəzası hamımızın qəlbini dərindən yaraladı. Bu ağrılı hadisə təkcə Azərbaycanın deyil, biz Hələb türkmənlərinin və bütün türk dünyasının ortaq kədəridir. Ana Vətən Türkiyə ilə əziz vətən Azərbaycan hər zaman “bir millət, iki dövlət” anlayışı ilə bir-birinin yanında olub, sevincini, acısını birgə paylaşıb. Bu ağır günlərdə ürəyimiz Azərbaycan xalqı ilə döyünür. Allah bizə bir daha belə ağrı yaşatmasın.” – deyə açıqlamada bildirilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Mövzuya görə xəbərlər