Son dəqiqə

Qərbi Azərbaycan İcması

Avropa Parlamenti Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirib - İcma

Bakı,TurkicWorld

Tarixən xarici işğal, etnik təmizləmə, mədəni irsin dağıdılmasından əziyyət çəkmiş Qərbi azərbaycanlılar və bütövlükdə xalqımız üçün beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

TurkicWorld xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, müxtəlif dövrlərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyonlarla Qərbi azərbaycanlı üçün qayıdış hüququ xüsusilə ümdə və müqəddəs vəzifə təşkil edir.

"Qüvvədə olan beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus qərb ölkələri, bu məsələyə biganə yanaşmışlar. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törətmişlər.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırmışlar. Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər.

Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər.
Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz "töhfəsini" vermiş olur. Xatırladaq ki, 1988-ci ildə keçmiş "DQMV"-nin Ermənistan SSR-ə verilməsinə dair çağırış etmiş Avropa Parlamenti ötən müddət ərzində Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirmiş və Azərbaycan əleyhinə nifrət və böhtanla dolu, beynəlxalq hüquqa zidd onlarla sənəd qəbul etmişdir.

Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür. Müzakirələrdə sanki bir-biri ilə yarışa çıxan, xüsusən Fransadan olan səlibçi mentalitetli deputatların fikirləri ikrah doğurur.

Biz, Qərbi Azərbaycan İcması olaraq, Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə "insan hüquqlarının müdafiəsi" donu geyindirmək cəhdlərini sərt şəkildə qınayırıq. Sözügedən ünsürlərin anti-Azərbaycan siyasətini, insan hüquqlarından öz siyasi gündəliklərini irəlilətmək cəhdlərini bundan sonra da ifşa etməkdə davam edəcəyik", - bəyanatda qeyd olunur.

Mövzuya görə xəbərlər