Bakı, TurkicWorld
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, parlament seçkiləri ölkənin bütün ərazisində keçirilir. Ona görə də Milli Məclisə seçkilər Azərbaycan tarixinə vacib bir səhifə kimi yazılacaq.
TurkicWorld xəbər verir ki, bu barədə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq Elşad Həsənov deyib.
O xatırladıb ki, müstəqillik qazandıqdan sonra torpaqlarımız erməni işğalı altına düşdü və ona görə də həmin ərazilərdə seçkilər keçirmək mümkün deyildi:
"44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını azad etdi. Bu gün həmin ərazilərdə də seçkilər keçirilir, insanlar ilk dəfə öz doğma yurdlarında parlament seçkilərində səs verir. Artıq Azərbaycanda yeni bir eranın başladığı dövrdür. Əgər əvvəllər əsas vəzifəmiz torpaqların işğaldan azad edilməsi idisə, artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü tam təmin edib. Bundan sonra qarşımızda Azərbaycanın daha da inkişaf etdirilməsi, daha güclü ölkəyə çevrilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması məsələləri dayanır. Bu baxımdan yeni dövrdə yeni parlamentin formalaşması və yeni hədəflərə doğru irəliləməsi mühüm əhəmiyyət kəsb edir".