BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin sabiq baş naziri və Birlikdə alyansının lideri Naftali Bennet İrana qarşı daha sərt siyasət yürüdülməsinə çağırış edib.
TurkicWorld xəbər verir ki, Bennet jurnalistlərə açıqlamasında İsraildə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Tehrana qarşı təzyiqlərin daha da artırılacağını bildirib.
Onun sözlərinə görə, mövcud hökumət dəyişdirilən andan etibarən İranda hakimiyyət dəyişikliyi istiqamətində yeni mərhələnin başlanğıcı qoyula bilər.
Bennettin açıqlamaları İsraildə mümkün hakimiyyət dəyişikliyinin ölkənin İran siyasətində yumşalmaya deyil, əksinə daha sərt kursa səbəb ola biləcəyini göstərir.
Sabiq baş nazir hazırkı Baş nazir Benyamin Netanyahunun fəaliyyətini də sərt tənqid edib.
O bildirib ki, Netanyahunun hakimiyyət dövrü daxili qarşıdurmalarla başlayıb, sonrakı mərhələdə ciddi təhlükəsizlik böhranları ilə davam edib.
Bennett həmçinin İran məsələsində mövcud hökumətin istənilən nəticəni əldə edə bilmədiyini iddia edib.
İsraildə yaxın dövrdə keçiriləcək seçkilər fonunda səslənən bu açıqlamalar ölkənin gələcək xarici siyasət kursu ilə bağlı müzakirələri daha da gücləndirib.







