2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması böyük tarixi hadisədir - Rauf Əliyev

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması böyük tarixi hadisədir - Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunmuşdur ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunanacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxt Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir.

44 günlük Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Suşa şəhərini erməni işğalından azad edildi. Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Qısa müddət ərzində Şuşanın Baş planı hazırlanmış, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirildi. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, hazırda şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası üzrə başlanmış və sürətlə aparılan işlər göstərir ki, tezliklə Şuşanın əvvəlki dolğun mədəni həyatı bərpa ediləcəkdir.

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi Şuşanın tarixi keçmişi, bu gününü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsil sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqır.

Milli Məclisin deputatı

Rauf Əliyev