Şuşa. TurkicWorld:
Şuşada keçirilən ikinci qlobal media forumu qlobal media sənayesində bir hadisədir. Təbii ki, buna Azərbaycan Prezidenti İlham Əliyevin üç saata yaxın danışıb cavab verməsi xüsusi çəki və əhəmiyyət verir.
TurkicWorld xəbər verir ki, bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Yalan rəvayətlərin ifşası: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.
"Azərbaycan bu gün təkcə Cənubi Qafqaz dövlətlərindən biri deyil, siyasət, iqtisadiyyat və yaşıl enerji sahələrində qlobal trendləri müəyyən edən ölkədir. Neokolonializmlə mübarizə mövzusu bu gün bir tendensiyadır, bütün dünyada ədalət sorğusudur. Və Azərbaycan indiki və gələcək beynəlxalq gündəmi qabaqlamaqda bəlkə də bütün digər ölkələri qabaqlayır. Dünyanın 50-dən çox ölkəsinin nümayəndələrinin buraya toplaşması, öz ölkələrinin media, beyin mərkəzlərini təmsil etməsi, onlara rəhbərlik etməsi Azərbaycanın bu gün beynəlxalq aləmdə sahib olduğu nüfuz və hörmətdən xəbər verir", - deyə İ.Korotçenko bildirib.
Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum iyulun 22-dək davam edəcək.