Bakı.TurkicWorld :
Şuşa çox böyük əhəmiyyətə malikdir. Şuşaya səfərimiz zamanı gördük ki, Qarabağ inkişaf edir.
TurkicWorld -in məlumatına görə, bunu Qazaxıstan Parlamentinin sədri Yerlan Koşanov TÜRK PA-nın Bakıda keçirilən 13-cü Plenar iclasında çıxışı zaman deyib.
O qeyd edib ki, bu günki iclasın mövzusu olan "Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu" böyük əhəmiyyət daşıyır.
"Biz bütün dünyada geniş çağırışlarla üzləşirik. İqlim dəyişiklikləri böyük fəlakətlərə gətirib çıxarıb. Biz bir araya gəlməliyik. Ayrı-ayrı ölkələr bu problemin öhdəsindən gələ bilməz, biz birgə mübarizə aparmalıyıq. Hesab edirəm ki, biz bir bəyannamə imzalamalıyıq. Atmosferə tullantıları azaltmalıyıq, iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmalıyıq", - deyə o qeyd edib.
O əlavə edib ki, Qazaxıstan COP29-u keçirməkdə Azərbaycanı dəstəkləmək niyyətindədir. "Biz bu tədbiri dəstəkləməliyik. Bizim "Yaşıl Qazaxıstan" layihəmiz var, meşə örtüyünü, biomüxtəlifliyi qoruyuruq, bərpa olunan enerjidən istifadə edirik", - deyə o əlavə edib.