Bakı. TurkicWorld:
Qazaxın uzun müddət Ermənistan işğalı altında qalan 4 kəndinin Azərbaycana qaytarılması vəziyyətin normallaşması prosesinə müsbət töhfə verir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra Azərbaycana göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstəyi ölkəmiz daima yüksək qiymətləndirib.
"Cammu və Kəşmir məsələsində də bizim mövqeyimiz daima müvafiq şəkildə olub. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq hüquqa tam hörmətlə yanaşmaqla, sülh yolu ilə həllini dəstəkləyir. Bu gün həmkarıma regionumuzda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri barədə məlumat verdim.
Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsinin delimitasiyası və uzun müddət Ermənistan işğalı altında qalan kəndlərin Azərbaycana qaytarılması ilə bağlı son razılaşma vəziyyətin normallaşması prosesinə müsbət töhfə verir. Azərbaycan sülh prosesinə sadiqdir və ümid edirik ki, bu, bütün ölkələr üçün firavan və təhlükəsiz regionun yaradılmasına müsbət nəticələr verəcək", - nazir deyib.
Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.