Son dəqiqə

Xəyal Bəşirov

Brüssel görüşləri qələbəmizin təsdiqinin son nöqtəsi oldu

Prezident İlham Əliyev 13 dekbarda müstəqil Azərbaycanın tarixində ilk dəfə qələbə qazanmış ölkənin qalib rəhbəri kimi dünyanın siyasi, iqtisadi, mədəni və beyin mərkəzi olan Avropaya səfər etdi. Belçikanın Brüssel şəhərinə edilmiş bu səfər zamanı keçiriləcək görüşlərdən və orada aparılacaq müzakirələrdən əvvəl bu səfərin özü özlüyündə çox tarixi bir hadisə idi. Çünki, dünyanı idarə edən Avropa artıq Azərbaycan Prezidentini qalib, Ermənistan rəhbərini isə məğlub tərəf kimi qarşılayırdı. Hakimiyyətdə olduğu ilk gündən bütün sahələrdə olduğu kimi, ordu quruculuğumuzu da sürətlə inkişaf etdirən Prezident İlham Əliyev keçmiş münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesinə sadiq qalmaq və dünyanın müxtəlif nüfuzlu və mötəbər beynəlxalq təşkilatları ilə münasibətləri gücləndirmək siyasətini yürütdü. Məhz bu uğurlu diplomatiyanın və praqmatik xarici siyasətin məntiqi nəticəsi idi ki, biz ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın döyüş meydanında tək qalmasına və müharibədən sonra da qələbəmizi rəsmən bütün dünyaya qəbul etdirməyə nail olduq. Bu baxımdan, 10 noyabr tarixli Bəyanatın ardınca Moskva və Soçi səfərləri zamanı qalib Azərbaycanın üstünlüyünün və diktəsinin təsdiqi ilə imzalanan növbəti iki Bəyanatdan sonra Brüsselə səfər çox ciddi önəm daşıyırdı. Bu səfərdən Azərbaycanın çox böyük gözləntiləri olduğu kimi, nə qədər təəccüblü olsa da, Ermənistanın da Brüssel görüşü ilə bağlı müəyyən sürpriz ümidləri var idi.

Bəs Avropa kimin gözləntilərini doğrultdu və kimin ümidlərini puça çıxartdı?!

Brüsselə səfər, orada baş tutan görüşlər və ümumilikdə bu hadisələrin forma və məzmun detalları açıq şəkildə bu prosesin siyasi və diplomatik müstəvidə Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsinin təsdiqi oldu. Bu səfəri həm də, 10 noyabr tarixindən sonra Ermənistan üzərindəki qələbəmizin və keçmiş münaqişəni tarixə qovuşdurmağımızın bütün dünyada təsdiqinin son nöqtəsi hesab etmək olar.

İlk öncə nəzərə almaq lazımdır ki, orada həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin dünyanın ən güclü hərbi təşkilatı olan NATO-nun və dünya üzrə ən aparıcı siyasi və iqtisadi təşkilat olan Avropa İttifaqının rəhbərləri ilə görüşləri baş tutdu. Cənubi Qafqaz regionunu daim diqqətdə saxlayan bu iki nüfuzlu və dünyada söz sahibi olan təşkilatın rəhbərlərinin mövqeləri həm Azərbaycan üçün, həm də Ermənistan üçün çox ciddi önəm kəsb edirdi. Məhz elə buna görə də, Ermənistan Baş naziri Nikol Paşinyan bu görüşdə artıq tarixə qovuşmuş münaqişənin hələ də mövcud olmasını təsdiq edən fikirlərin səsləndirilməsinə, ATƏT-in Minsk Qrupunun yenidən prosesə cəlb edilməsinə və lazımi yerə göndərdiyimiz “status”un gündəmə gətirilməsinə böyük ümidlər bəsləyirdi.

Reallıqda Brüsseldə baş verənlər isə tamamilə fərqli və əks mənzərəni ortaya qoydu. Həm müzakirələrin aparıldığı görüşlərdə, həm mətbuata edilən açıqlamalarda və həm də verilən bəyanatlarda nə münaqişə anlayışına, nə ATƏT-in Minsk Qrupu mövzusuna, nə “status” məsələsinə, nə də digər təxribatçı ifadələrə yer verilmədi. Əksinə, NATO rəhbəri cənab Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel fikirlərində 10 noyabr 2020-ci il və 2021-ci il 11 yanvar tarixli Moskva və 26 noyabr tarixli Soçi Bəyanatlarına istinad edərək həmin bəyanatları təqdir, onlara riayət edilməsinin isə vacibliyini qeyd etdilər.

Ermənistanla əlaqələrinin sadəcə görüntü naminə olmasına baxmayaraq, Azərbaycanla münasibətlərinin həm Avropanın enerji təhlükəsizliyinin təmin olunması və həm də iqtisadi və digər qarşılıqlı əhəmiyyət kəsb edən məqamlarla bağlı olduğu hər iki təşkilat rəhbəri tərəfindən bəyan edildi. Cənubi Qafqazın avanqard dövləti olan Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində, regionda formalaşdırdığımız yeni reallığa uyğun olaraq sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması prosesində və işğaldan azad edilmiş ərazilərimizdəki geniş miqyaslı bərpa və quruculuq işlərində iştirakda maraq da ifadə olundu. Bütün bunlarla yanaşı, artıq dünya ermənilərinin qorxulu yuxusuna çevrilən və əslində keçmiş münaqişəyə heç bir aidiyyatı olmyana, sadəcə Prezident İlhamə Əliyevin təşəbbüsü və dühası nəticəsində reallaşmaqda olan Zəngəzur dəhlizinin müzakirəsinə geniş yer verildi. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyini bir daha kəskin şəkildə Avropanın mərkəzindən bütün dünyaya bəyan etdi.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının VI sammitində iştirak çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlər özünün əhəmiyyətliliyi və məhsuldarlığı ilə yadda qaldı. Ümumiyyətlə protokol qaydalarına uyğun olaraq ən xırda məqamlarının belə mühüm əhəmiyyət kəsb etdiyi mötəbər görüşlərdən olan Brüssel səfərinin ikitərəfli və digər görüşlərində Prezident İlham Əliyevə qalib ölkənin nüfuzlu rəhbəri kimi yanaşılması diqqəti açıq cəlb edirdi. Sovetlər Birliyinin süquta uğraması ilə Azərbaycanın keçən əsrin sonlarında müstəqilliyini bərpa etməsində önəmli rol oynayan “soyuq müharibənin” qalib tərəfi olan NATO-nun rəhbəri tərəfindən Azərbaycanın Alyans üçün nə qədər önəm daşıdığı qeyd olundu. Azərbaycan NATO əlaqələrinin, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında hərbçilərimizin uğurlu iştirakından Prezident İlham Əliyevin təşkilatın mənzil qərargahında olması ilə bağlı məqamlara qədər bütün detallarına toxunulması və bunların təqdir edilməsi münasibətlərin vəziyyətindən xəbər verir. Fransa Prezidentinin təşəbbüsü ilə Fransa, Azərbaycan və Ermənistan rəhbərlərinin qeyri-formal görüşün keçirilməsi və ABŞ-ın da rəsmi olaraq Brüsseldə keçirilən görüşləri dəstəkləməsi artıq bütün sualların cavabını verir. Hesab edirəm ki, Ermənistan Baş nazirinin aralarında uğursuz manevrlər etməyə cəhd etdiyi həm Moskvadan, həm də Avropadan istədiklərini ala bilməməsi ona artıq son olaraq mövcud problemlərin yalnız Azərbaycanla siyasi və diplomatik müstəvidə konstruktiv danışıqlar yolu ilə həllini tapa biləcəyinin açıq izahıdır.

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi

Mövzuya görə xəbərlər