Bakı, TurkicWorld:
Türk Dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi təşkilata daxil olan ölkələrin gələcəyi üçün müsbət addımdır, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov bildirib.
“Azərbaycan son zamanlar Türk Dövlətləri Təşkilatının yaranması istiqamətində Türkiyə ilə birlikdə çox ciddi şəkildə təşəbbüslər ortaya qoyan tərəflərdən biridir. Məhz elə Azərbaycanın Türkiyə ilə birlikdə təşəbbüsləri nəticəsində əvvəllər Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası olan həmin qurum artıq Türk Dövlətləri Təşkilatına çevrilib və böyük bir coğrafiyanı əhatə edir. Hesab edirəm ki, 100 milyonlarla insanın mövcud olduğu türk coğrafiyasında Türk Dövlətləri Təşkilatı kimi bir təşkilatın yaranması və həmin o təşkilatın yaranmasından sonra atılan addımlar, keçirilən görüşlər, mövcud təmaslar əslində birdaha ondan xəbər verir ki, bu təşəbbüsü ortaya qoyarkən Azərbaycan və Türkiyə sadəcə görüntü xarakterli bir təşkilatın yaranması istəyini ortaya qoymayıb. Biz bu addımla dünyada böyük bir insan və ərazi coğrafiyasını birləşdirən mühüm təşkilat yaratmaq niyyətimizi ortaya qoymuşuq”, - deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, türk dövlətləri arasında münasibətlərin mümkün qədər daha da sıx inkişaf etməsi, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində addımlar atılmalıdır ki, onlardan biri də məhz çox nadir təşkilatların daxilində olduğu proseslərdən biri kimi gömrük dəhlizinin prosedurlarının mümkün qədər sadələşdirilməsi ilə bağlıdır.
“Hər bir halda türk dövlətləri arasında etnik mənsubiyyət baxımından, din, mədəniyyət və digər amillər baxımından yaxınlıq elə əvvəldən mövcuddur. Amma hazırki məqamda böyük bir təşkilatın daha da gücləndirilməsi, yəni Türk Dövlətləri Təşkilatına aid olan dövlətlər arasında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin daha da yaxşılaşdırılması ilə bağlı gömrük dəhlizinin daha da sadələşdirilməsi istiqamətində mühüm addımların atılması, bu istiqamətdə iradənin ortaya qoyulması məsələsidir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra bu günə qədər dövlət başçıları səviyyəsində, Xarici İşlər nazirləri, digər sahələrə aid olan nazirliklər, dini qurumlar və bir sıra digər sahələrdə çox ciddi sənədlər imzalanıb, görüşlər keçirilib, addımlar atılıb”, - deyə X.Bəşirov vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu təşkilat ümumi bir coğrafiyanı əhatə etdiyinə görə həmin coğrafiya daxilində türk dövlətlərinə aid olan vətəndaşların sərbəst və sadələşdirilmiş şəkildə həm səfərlər etməsi, həm logistika proseslərini həyata keçirməsi və digər amillərlə bağlı prosedurlar bu gün artıq nəzəri mərhələdən praktiki mərhələyə keçməkdədir.
“Azərbaycanın bu məsələdə əsas məqsədi 2-ci Qarabağ müharibəsindən sonra münaqişənin həllinə nail olduqdan sonra dünyanın, o cümlədən türk coğrafiyasının əhəmiyyətli və həssas regionlarından biri olan Cənubi Qafqazla bağlı dominantlığı, söz və güc sahibliyini öz üzərinə götürməkdir. Azərbaycan yeni reallıqlar formalaşdırıb və təbii ki, Azərbaycanın əsas dövlət olduğu Cənubi Qafqaz türk coğragiyasını birləşdirən ən ciddi və ən əsas həlqələrdən biridir. Cənubi Qafqaz və Azərbaycan olmadan türk coğrafiyasının fiziki baxımdan birləşməsi mümkün deyil. Azərbaycanın əsas məqsədi bu istiqamətdə özünə aid olan töhfəni ortaya qoymaq və öz aktivliyini mümkün qədər qoruyub saxlamaqla bağlıdır”, - deyə o bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Birləşmiş Millətlər Təşkilatında və bir sıra digər təşkilatlarda aktivliyi və liderliyi necə həyata keçiribsə Türk Dövlətləri Təşkilatında da eyni qaydada həyata keçirəcək.
Qeyd edək ki, mayın 2-də “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Xatırladaq ki, Saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
Ləman Əsədli
Twitter: lamanasadli01