Son dəqiqə

Azərbaycan Ermənistan Xəyal Bəşirov Brüssel

Brüssel platformasının bərpa edilməsi Azərbaycanın siyasi və diplomatik uğurunun nəticəsidir – Xəyal Bəşirov (ÖZƏL)

Bakı, TurkicWorld:

Brüssel platformasının bərpa olunması və bu platformanın Fransa olmadan üçtərəfli qaydada həyata keçirilməsi Azərbaycanın bu istiqamətdə siyasi və diplomatik uğurunun məntiqi nəticəsidir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov bildirib.

“Ermənistan və Fransa ilk öncə Brüssel platformasını pozmağa və eyni zamanda həmin platformanın Fransanın iştirakı ilə keçirilməsinə nail olmağa cəhd göstərdilər. Təbii ki, Fransanın həmin prosesdə iştirak etməməsi ilə bağlı Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin sərt və prinsipial mövqeyi oldu. Burada Fransanın məqsədi həmin platformaya daxil olmaqla növbəti proses kimi ermənipərəst siyasətini yürütməyə davat etmək idi. Bundan sonra, 2022-ci il 31 avqust tarixindən 14 may tarixinə qədər bu sülh platforması çərçivəsində görüşlər keçirilmədi. Təbii ki, bu müddət ərzində Ermənistan və Fransa çalışdılar ki, Fransanın bu prosesdə iştirakını təmin etsinlər, amma Azərbaycanın prinsipial mövqeyi nəticəsində bu baş tutmadı. Artıq bu sülh platforması üçtərəfli qaydada, sadəcə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin dialoqa dəstək göstərən tərəf kimi prosesdə iştirak etməsi formatında bərpa edildi və davam etdirildi”,- deyə o əlavə edib.

Politoloq hesab edir ki, Fransa və Ermənistanın iş birliyininin iflic vəziyyətə gətirilməsi Azərbaycanın növbəti uğurudur.

“Digər bir məqam isə Ermənistanın daim çalışdığı və eyni zamanda əvvəlki dönəmdə istifadə edilən bəzi ifadələrin yenidən Brüssel platforması çərçivəsində müzakirə predmentinə çevrilməsi ilə əlaqədar idi. Məsələn, dırnaqarası bəzi ifadələr, status, Dağlıq Qarabağ və bir sıra digər qeyri-real ifadələrin müzakirəsi ilə bağlı məqamlar idi ki, Azərbaycan bunlara yenidən imkan vermədi. Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin görüş sonrası bəyanatında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir ki, gündəlikdə bu məsələlər mövcud olmayıb. Görüş çərçivəsində əsasən, sənədlərin rəqəmsallaşdırılması, delimitasiya və demarkasiya prosesi, humanitar problemlər və s. kimi məsələlər müzakirə edilib”, - deyə X.Bəşirov qeyd edib.

Onun sözlərinə görə, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları ilə bağlı məsələlərdə, əslində, sülh sazişinin mətni olmaması ilə bağlı Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi var.

“Hər bir halda Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel bu məsələdə Azərbaycana tövsiyyə xarakterli mövqeyini nümayiş etdirdiyini dilə gətirdi. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Qarabağ və orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşları sülh gündəliyinin mətninə daxil edilməli deyil. Bu, Azərbaycanın daxili məsələsidir və bu məsələnin nə Brüssel platformasında, nə də digər platformalarda sülh gündəliyinin müzakirəsi zamanı danışıqların predmentinə daxil edilməsi Azərbaycan üçün yolverilmədir. Digər məsələ isə nəqliyyat və iqtisadi kommunikasiyalar ilə bağlı idi ki, bununla bağlı Şarl Mişel özünün bəyanatında bu məsələyə də münasibətini bildirdi. Bundan əlavə, yollarını azaraq əsir düşən əsgərlərimizin geri qayratılması məqsədli məsələlər, 4 minə yaxın Azərbaycan vətəndaşının birinci Qarabağ müharibəsi dönəmində itkin düşməsi və onlarla bağlı heç bir məlumatın olmaması ilə bağlı məsələlər, Naxçıvanın Azərbaycan ərazisinə birləşdirilməsi, nəqliyyat dəhlizinin bərpa edilməsi kimi məsələlərin müzakirə edilməsi göstərir ki, bu görüş Azərbaycanın istəkləri, Azərbaycanın reallaşdırmaq istədiyi müzakirələr istiqamətində həyata keçirilib", - deyə X.Bəşirov bildirib.

Politoloq onu da vurğulayıb ki, Ermənistan bu görüşdə bütün dəstəklərinə rəğmən siyasi və diplomatik müstəvidə məğlub olduğunu və sülhə məcbur olduğunu bir daha anladı.

“Ermənistan sülh sazişinin imzalanmasını ləngitməkdə yenidən mövqe nümayiş etdirə bilər. Təbii ki, bu Ermənistanın ənənəvi siyasətidir. Amma Ermənistan onu da anlayır ki, çəmbər getdikdə daralır, onun imkanları getdikcə məhdudlaşır, siyasi və diplomatik manevr etmək imkanları azalır. Təbii ki, bu da Azərbaycanın məntiqi, əhatəli, uzaqgörən xarici siyasəti və praqmatik diplomatiyası nəticəsində əldə edilmiş bir uğurdur. Bu uğur təkcə Azərbaycanın uğuru hesab olunmamalıdır. Bu ümumilikdə regionda sülhü istəyən, regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasını istəyən qüvvələrin uğurudur. Təbii ki, bunların başında Azərbaycan dövləti və xalqı durur. Bu proses məhz Azərbaycanın müəllifliyi ilə, Azərbaycan dövlətinin başçısı cənab prezident İlham Əliyevin simasında həmin o qüvvələrin əldə etdiyi uğur hesab olunmalıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü keçirilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər