Bakı, TurkicWorld:
"Vaxtilə Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyən Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün “Qarabağ Azərbaycandır” deməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya,praqmatik xarici siyasət və o cümlədən, Ermənistanla münasibətlərimiz baxımından, müdafiə taktikasından hücum taktikasına keçməyimizlə bağlıdır, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov bildirib.
“Ermənistan 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etmək məcburiyyətində qaldı. "Qarabağ Azərbaycandır!"- deyən Prezident İlham Əliyev Ermənistanın yalnış yolda olduğunu və bu yolun onu hansı faciələrə gətirib çıxardığını bir daha sübut etdi. Ermənistan təbii ki, o dönəmdən sonra tamamilə fərqli proseslərlə qarşı-qarşıya qaldı. Bu gün Azərbaycan qalib tərəfdir. Zəngəzur dəhlizi ifadəsi, regionda Azərbaycan və Ermənistan arasındakı sərhədlərin delemitasiya və demarkasiya prosesi və digər yeni siyasi ifadələr leksikona daxil olub”, - deyə X.Bəşirov əlavə edib.
Politoloqun sözlərinə görə, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün Ermənistanı və onun Baş naziri N.Paşinyanı “Qarabağ Azərbaycandır” ifadəsini dilə gətirməyə məcur edib.
“Azərbaycanın yeni reallıqlarının şərtləri ilə təkcə region ölkələri deyil, Ermənistan istisna olmaqla, qonşu dövlətlər, dünya ölkələri, Cənubi Qafqaz regionuna marağı olan bütün qüvvələr barışır. Bu da, Azərbaycanın qeyri-real olan heç bir addım atmaması ilə bağlıdır. 2-ci Qarabağ müharibəsində Cənab Ali Baş Komandan İlham Əliyevin ordumuza rəhbərlik etməsi, həm daxili, həm də xarici siyasətdə siyasi zəkası, həmçinin, 44 günlük müharibənin davam etdiyi dövrdə dünyanın ən nüfuzlu media qurumlarına müsahibələr verməsi, Cənubi Qafqazda uzun illərdir yaradılan siyasi blokadanı yarması Qarabağın Azərbaycan olmasını bütün dünyaya bəyan etdi”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan 22 may tarixində açıqlamasında 86 min 600 kvadrat kilometr Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisinin də daxil olduğunu bildirib.
Ləman Əsədli
Twitter: lamanasadli01