Qazaxıstan və Özbəkistan müttəfiqlik bəyannaməsi imzalayıb

Qazaxıstan və Özbəkistan müttəfiqlik bəyannaməsi imzalayıb

Qazaxıstan və Özbəkistan ikitərəfli əlaqələrin statusunu müttəfiqlik səviyyəsinə çıxarmağı nəzərdə tutan bəyannamə imzalayıb.

TurkicWorld-un məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstana rəsmi səfəri zamanı paytaxt Nur-Sultandakı Prezident Aparatı Akkordada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev tərəfindən mərasimlə qarşılanıb.

Kasım-Jomart Tokayev etdiyi çıxışında görüşlərdə iki ölkə arasındakı strateji əlaqələri müttəfiqlik səviyyəsinə yüksəltmə ilə bağlı ortaq qərar verdiklərini, bu qərarın iki ölkə arasındakı münasibətləri yeni bir səviyyəyə aparacağına inandığını söyləyib.

Ş.Mirziyoyev də Qazaxıstanla qurduqları xüsusi qardaşlıq əlaqələrini yüksək qiymətləndirərək çox yönlü əməkdaşlığı, aktual mövzulardakı maraq bənzərliyini və mövqelərin ortaqlığını bir daha təsdiq etdiklərini bildirib.

Daha sonra Qazaxıstan ilə Özbəkistan hökumət başçıları əlaqələri müttəfiqlik səviyyəyə çıxarmağı nəzərdə tutan dövlətlərarası bəyannamə imzalayıblar.

Bundan başqa, liderlərin iştirakıyla iki ölkənin əlaqədar təşkilatları arasında əməkdaşlıq müqavilələri ilə yanaşı, Orta Asiya Beynəlxalq Sənaye Mərkəzinin qurulması, Türküstan-Çimkent-Daşkənd yolunda sürətli qatar xətti və Kızılorda-Üçkuduk arasında şose inşası layihələrilə bağlı ortaq hərəkət planlarına imzalar atılıb.