Almaniyanın "Berliner Zeitung" nəşri islamofobiya ilə mübarizə mövzusunda Bakıda keçirilən konfrans barədə material dərc edib

Almaniyanın "Berliner Zeitung" nəşri islamofobiya ilə mübarizə mövzusunda Bakıda keçirilən konfrans barədə material dərc edib

Bakı. TurkicWorld:

Almaniyanın gündəlik "Berliner Zeitung" qəzetinin səhifəsində "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans barədə məqalə dərc olunub.

TurkicWorld xəbər verir ki, materialın müəllifi Avropanın gələcəyinin mühüm aspektinə həsr olunmuş bu tədbirin avropalı siyasətçilər üçün özünəməxsus xəbərdarlıq olduğunu qeyd edib.

"Azərbaycanın paytaxtında islamofobiya üzrə keçirilən beynəlxalq konfrans geosiyasi bölünmə xətti oldu. Təşkilatçılar Azərbaycan və Ermənistan arasındakı münaqişənin dini ölçüsündən danışdı, pakistanlılar isə Hindistanda 200 milyon müsəlmanın taleyini xatırladıb, eləcə də Myanmada müsəlmanların qanlı təqibləri və Çində 18 milyona yaxın müsəlmanın sıxışdırılması qeyd olundu. Alimlərdən və dünyanın hər yerindən müsəlman dairələrin nümayəndələrindən ibarət ekspertlərin çıxışlarının əsas mövzusunu Fransanın timsalında dünyəvi Qərbin liberalizmi təşkil edirdi", - məqalədə deyilir.

Materialda konfransda 31 ölkədən 130 iştirakçının, o cümlədən çoxtərəfli dinlərarası dialoqun tanınmış nümayəndələrinin iştirak etdiyi, sponsorlardan biri olaraq isə G20 Konfessiyalararası Forumunun çıxış etdiyi vurğulanır.

"Melburn Universitetinin elmi işçisi Sara Şeyx Husain Bakıda müxtəlif dinlərin necə birgə yaşaya biləcəyindən danışdı. Avstraliyada müsəlmanların məruz qaldıqları müəyyən qəbul edilməmə hallarına baxmayaraq, Fransa ilə müqayisədə orada şərait çox gözəldir. Avstraliyanın müsəlman icması ictimai və özəl arasında bölünməni aradan qaldırmaq üçün məqsədyönlü şəkildə çalışır. Məscidlərdə mütəmadi olaraq açıq qapılar günləri keçirilir, bayram günlərində isə insanlar birlikdə ictimai parklarda namaz qılırlar. Qlobal miqyasda - Hindistanda müsəlmanlar və hinduistlər, Fələstində yəhudilər və müsəlmanlar, Cənubi Qafqazda müsəlmanlar və xristianlar arasında konfessiyalararası gərginliyə baxmayaraq, hamı bir fikirlə razılaşır ki, islamofobiyanın digər dinlərdə, xüsusən ibrahimi dinlərdə kökü yoxdur. Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz islamofobiyanı XIII əsrdə səlib yürüşləri vaxtından Fransanın dövlət siyasətinin davamı hesab edir. Lakin son illərdə anti-islam bəyanatlarının sayı kəskin artıb.

"Avropalıların mövqeyi dəyişməsə, on ildən sonra bizi vətəndaş müharibəsi gözləyir", - El Maazouz deyib.

Avropadan kənarda yaşayan bəzi konfrans iştirakçıları Avropada "multikultural" termininin öz cəlbediciliyini necə itirdiyinə təəccüblənib. Müsəlman nümayəndələri əvvəlki kimi multikultural mövcudluq və birgə yaşayışı öz idealları hesab edirlər", - deyə müəllif yazır.

Müəllif həmçinin qeyd edib ki, bir sıra konfrans iştirakçıları Azərbaycan üçün eyni zamanda müsbət dini və dünyəvi dövlət modelinin uyğun olduğunu bildiriblər.

"Azərbaycan kimi ölkə üçün bu özünü alternativ olaraq təqdim etmək imkanıdır. Bir çox müsəlmanlar Avropa qanunları, dəyərləri və ideyalarını diskriminativ olaraq qəbul edirlər; hətta tolerantlıq və müxtəliflik haqqında səthi ritorika da heç nəyi dəyişmir. Qərbin neokolonializm və dekolonizasiyası, ikili standarları, ikili əxlaqı, yalançılığı və riyakarlığı haqqında geniş yayılmış debatlar əlavə şübhələr oyadır. Bu fonda İslamın gözləntiləri və tələblərinin dəqiq qeyd olunduğu və müəyyən edildiyi konfrans təqdirəlayiqdir", - deyə müəllif əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun