Son dəqiqə

Azərbaycanda Prezident Seçkiləri - 2024

Prezident seçkiləri Azərbaycan üçün bayrama çevrildi - MDB-nin baş katibi

Bakı. TurkicWorld:

Fevralın 7-də keçirilən Prezident seçkiləri Azərbaycan üçün bayrama çevrildi.

TurkicWorld xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə MDB-nin baş katibi, təşkilatın müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev bildirib.

"Bu gün məni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi, çox yaxşı, səmimi, mənalı söhbət oldu. Müşahidəmizin nəticələri və MDB ölkələrinin nümayəndələrinin verdiyi qiymətlər barədə Prezident İlham Əliyevə məlumat verdim. Azərbaycanla qonşu dövlətlər arasında mövcud olan ənənəvi əlaqələr qalacaq. Bu, hər bir dövlətin və təbii ki, Azərbaycanın maraqlarına uyğun olaraq möhkəmlənəcək", - Sergey Lebedev vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Mövzuya görə xəbərlər