Bakı. TurkicWorld:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Monteneqrodan olan həmkarı Nikola Mugosa ilə görüşüb.
TurkicWorld xəbər verir ki, MSK sədri qonağa fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri barədə ətraflı məlumat verib.
Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının bütün prosesini nəzarətdə saxladığını diqqətə çatdırıb. Bildirib ki, MSK tərəfindən seçki bülletenləri çap olunaraq dairə seçki komissiyalarına (DSK) paylanıb və onların sayı altı milyondan çoxdur. O, seçkiləri izləmək üçün 90 mindən artıq yerli, 790 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini diqqətə çatdırıb.
MSK sədri hazırlıq prosesinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada aparıldığını qeyd edib.
Bildirilib ki, seçkilərlə əlaqədar “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyət göstərir. Həmçinin dünyanın aparıcı media qurumları “Associated Press”, “BBC”, “Al Jazeera”, “Kyodo” kimi agentliklər də daxil olmaqla, ümumilikdə 34 nüfuzlu media qurumu seçkiləri işıqlandıracaq.
Seçkiləri müşahidə etmək üçün Azərbaycana dəvətə görə təşəkkürünü bildirən Moneneqro Mərkəzi Seçki Komissiyasının sədri Nikola Mugosa ölkəmizə seçkilərin şəffaf və ədalətli keçirilməsi işində uğurlar arzu edib. Seçkilərin elektron formada keçirilməsi təcrübəsindən danışan N.Mugosa hər informasiyanın peşəkarlıqla işlənməsinin vacibliyini qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.