Minsk qrupu münaqişənin həllini dalana dirəmişdi – Afət Həsənova

Minsk qrupu münaqişənin həllini dalana dirəmişdi – Afət Həsənova

Bakı. TurkicWorld:

ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli istiqamətində heç bir nəticəyə nail olmadı, əksinə münaqişənin həllini dalana dirədi, danışıqlar prosesini illərlə uzatdı.

Bunu TurkicWorld-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman bəyan edirdi ki, öz ərazisinin bir qarşısını da güəştıə getməyəc, istər hərb, istərsə də sülh yolu ilə öz torpaqlarını işğaldan azad edəcək.

“Həm Ermənistanın qeyri-konstruktiv mövqeyi, həm də vasitəçilərin qərəzli və birtərəfli yanaşması münaqişənin həll edilməsinə imkan vermirdi. ATƏT-in Minsk qrupu uzun illər səmərəsiz danışıqlar apararaq münaqişənin həllini ləngidir, irəliləyişin əldə olunmasına maraq göstərmirdi.

Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düzgün siyasət aparır, münaqişənin həbri yolla həllini daim gündəmdə saxlayaraq ordu quruculuğu sahəsində geniş işlər həyata keçirirdi. Nəticədə Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil olmağı bacardı”, - deyə deputat bildirdi.

Onun sözlərinə görə, Azərbaycan heç zaman öz ərazilərinin qeyri-müəyyən vaxtda işğal altında qalmasına razı ola bilməzdi.

“Azərbaycan hər zaman bəyan edirdi ki, bir qarış torpağının belə düşmənin işğalı altında qalması ilə razılaşmayacaq. Uzun sürən danışıqların səmərəsiz nəticələri və Ermənistanın ardıcıl təxribatları 44 günlük Vətən müharibəsinin başlamasına səbəb oldu. Azərbaycan hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə verilmiş hüquqdan istifadə edərək öz torpaqlarını erməni işğalından azad etdi”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Ermənistan öz xislətinə “sadiq” qalaraq 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi.

“Azərbaycan qalib tərəf olaraq humanistlik göstərdi və Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün şərait yaratdı. Lakin Ermənistan nə qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxardı, nə digər öhdəliklərini yerinə yetirdi, əksinə ardıcıl təxribatlara davam etdi, Azərbaycan ərazisində separatçılara dəstək göstərdi. Ermənistan öz havadarlarına arxalanaraq qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisində uzun müddət saxlamağa ümid edirdi.

Ermənistanın bu davranışları antiterror tədbirlərini qaçlmaz etdi. 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan bütün suveren ərazilərində nəzarəti bərpa edərək separatçılığın kökünü kəsdi, Ermənistanın və havadarlarının ümidlərini puç etdi.

Azərbaycan hər zaman sülh tərəfdarı olub, regionda sülhün və sabitliyin bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.

Hazırda iki ölkə arasında danışıqlar davam etdirilir, lakin sülh prosesinin tam başa çatdırılması üçün sülh müqaviləsinin imzalanması labüddür və eyni zamanda Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”, - deyə deputat əlavə edib.