Bakı.TurkicWorld :
Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu xüsusda TÜRKPA-nın iyunun 6-da Bakıda keçirilən on üçüncü plenar iclası bu əlaqələrin inkişafına yeni bir təkan verəcək.
Bunu TurkicWorld - ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycanın türk dövlətləri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir.
"Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir", - deyə deputat bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra regionda yeni reallıq yaranıb.
"Yeni reallıqda Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı üçün yeni imkanlar yaranıb. Belə ki, Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək", - deyə deputat qeyd edib.
A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyevin son illər ərzində türk dövlətlərinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
"Məlumdur ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hesab edirəm ki, bu görüşün keçirilməsi qardaş ölkələr arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi rəmzi xarakter daşıyır və qardaşlığın daha bir təzahürüdür", - deyə deputat əlavə edib.