BAKI,TurkicWorld
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı həm partiyanın keçdiyi tarixi yolun qiymətləndirilməsi, həm də Azərbaycanın qarşıdakı dövr üçün əsas strateji hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan artıq tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub:
"Bu mərhələnin ən mühüm xüsusiyyəti ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş güclü, müstəqil və öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi inkişafını davam etdirməsidir".
A.Həsənova qeyd edib ki, VIII Qurultayın əvvəlki qurultaylardan mühüm fərqi onun Azərbaycanın suverenliyinin tam bərpasından sonra keçirilməsidir:
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqının birliyi, dövlətimizin siyasi iradəsi və Silahlı Qüvvələrimizin gücü sayəsində qarşıya qoyulan ən böyük milli hədəflərdən biri reallaşdırılıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu tarixi nəticə təsadüfən əldə olunmayıb. Onun arxasında uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasəti, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, güclü ordunun yaradılması və xalq-iqtidar birliyi dayanır".
Afət Həsənovanın sözlərinə görə, Yeni Azərbaycan Partiyasının keçdiyi yol da müasir Azərbaycan dövlətçiliyinin inkişaf tarixindən ayrı təsəvvür edilə bilməz:
"1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkənin son dərəcə mürəkkəb siyasi və iqtisadi şəraitində fəaliyətə başlayıb. Sonrakı dövrdə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın sabitliyinin təmin edilməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və iqtisadi inkişafının əsaslarının yaradılmasına imkan verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xətt yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilib. Prezident də çıxışında müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensialı bu siyasi xəttin əsas elementləri kimi göstərib".
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında gələcək üçün müəyyənləşdirilən prioritetlər də xüsusi diqqətə layiqdir:
"Dünyada geosiyasi qarşıdurmaların və silahlı münaqişələrin artdığı bir zamanda təhlükəsizlik hər bir dövlət üçün fundamental məsələdir. Azərbaycan sülhün tərəfdarıdır və regionda uzunmüddətli sabitliyin təmin olunmasına çalışır. Bununla yanaşı, dövlətimizin müdafiə qabiliyyətinin daim gücləndirilməsi zəruridir. Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi dünyada gedən proseslərin düzgün və realist qiymətləndirilməsinin göstəricisidir. Güclü dövlət öz təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadi və sosial inkişafını da davam etdirmək imkanına malik olur".
Afət Həsənova vurğulayıb ki, Azərbaycanın qarşıdakı dövrdə inkişafının digər mühüm dayağı iqtisadi və maliyyə sabitliyidir:
"Prezident İlham Əliyevin çıxışında xarici investisiyaların cəlb edilməsi, dövlət borcunun aşağı səviyyədə saxlanılması, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinin də ön plana çəkilməsi dövlət siyasətinin kompleks xarakterini göstərir. Prezident İlham Əliyev növbəti ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış proqramının davam etdirilməsi qarşıdakı illərin əsas milli prioritetlərindən biridir. Artıq azad edilmiş ərazilərdə yaşayış məntəqələri qurulur, infrastruktur yaradılır və keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu proses növbəti illərdə daha da sürətlənəcək. Bu, Azərbaycanın qazandığı tarixi Zəfərin quruculuq və inkişaf mərhələsinin davamıdır".
Deputat əlavə edib ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının üzərinə də mühüm vəzifələr qoyur:
"Partiyanın üzvləri cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsində, dövlət siyasətinin mahiyyətinin vətəndaşlara çatdırılmasında, xüsusilə gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsində fəal iştirak etməlidirlər.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın qarşısında aydın məqsədlər və bu məqsədlərə çatmaq üçün güclü siyasi iradə var. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan indi daha güclü iqtisadiyyat, etibarlı təhlükəsizlik sistemi, yüksək sosial rifah və azad edilmiş ərazilərin tam dirçəldilməsi istiqamətində yeni mərhələyə qədəm qoyur. Əminəm ki, Yeni Azərbaycan Partiyası da bundan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji hədəflərin həyata keçirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək".






