Son dəqiqə

Azərbaycan Afət Həsənova AŞPA

AŞPA beynəlxalq hüququ tapdalayaraq, müəyyən dairələrin çirkin maraqlarına xidmət edir – Deputat

Bakı. TurkicWorld:

Avropa Şurası Parlament Assambleyası hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Müxtəlif dairələr, o cümlədən, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar.

Bunu TurkicWorld-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, AŞPA beynəlxalq təşkilatdan daha çox islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib.

“Heç kimə sirr deyil ki, AŞPA heç zaman beynəlxalq prinsipləri əsas tutmayıb, öz fəaliyyət çərçivəsindən kənara çıxaraq müəyyən dairələrin çirkin maraqlarına xidmət edib, ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib.

Əsas fəaliyyət istiqamətləri insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsi olmalı olan AŞPA bu prinsiplərin ziddinə gedərək müəyyən dairələrin şəxsi maraqlarına xidmət edir.

Azərbaycanla münasibətdə biz hər zaman AŞPA-nın öz prinsiplərini ayaqlar altına atdığının şahidi olmuşuq. Belə ki, uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tutarlı tədbir görməyib.

Lakin məlumdur ki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə işğalçının səs hüququ əlindən alınmalı idi. Bu azmış kimi AŞPA Azərbaycana qarşı reallıqdan uzaq, əsassız qətnamələr qəbul etməklə qərəzli mövqeyini ortaya qoyub və öz acizliyini nümayiş etdirib”, - deyə deputat bildirib.

O qeyd edib ki, AŞPA-nın yanvarın 22-də keçirilən qış yarım-sessiyasının açılış günündə qurumun daha bir biabrçı hərəkətinin şahidi olduq.

“Belə ki, ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib. Bu qərəzli addımın əvvəlcədən planlaşdırılmış olduğu hər kəsə aydındır.

Bu əsassız təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi də təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.

Fransa və Almaniya AŞPA-da tandem şəklində çıxış edirlər. Bir sıra hallarda isə Fransa öz çirkin niyyətlərini Almaniya vasitəsilə həyata keçirməyə çalışır. Xarici siyasətində ardıcıl uğursuzluqlara düçar olan və nüfuzdan düşən Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

Bu bir daha onu göstərir ki, AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilib və Fransa bu qurumdan istifadə edərək ölkəmizə təzyiq göstərməyə çalışır və AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır”, - deyə A.Həsənova əlavə edib.

Deputat deyib ki, AŞPA-nın Azərbaycana qarşı təzyiq cəhdləri bugünə qədər iflasa uğrayıb və bugündən sonra da uğrayacaq.

“Azərbaycan qüdrətli dövlətdir və hanısa dairələrin təzyiqi ilə mövqeyindən indiyə qədər geri çəkilməyib. Bütün təzyiq cəhdlərinə baxmayaraq Azərbaycan öz müstəqil siyasətini yürüdür və qarşıya qoyulan məqsədlərə uğurla nail olur. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir”, - deyə A.Həsənova əlavə edib.

Mövzuya görə xəbərlər