Mövlud Çavuşoğlu AŞPA-nın Azərbaycana qarşı qərarını qeyri-obyektiv adlandırıb

Mövlud Çavuşoğlu AŞPA-nın Azərbaycana qarşı qərarını qeyri-obyektiv adlandırıb

Bakı. TurkicWorld:

Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsini qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb.

TurkicWorld xəbər verir ki, Çavuşoğlu bu barədə özünün "X" sosial hesabında yazıb.

AŞPA-nın sözügedən qərarı bağlı dərin təəssüf hiss keçirdiyini deyən millət vəkili keçmişdəki bənzər qərarlarla müqayisə etdikdə bunun Azərbaycana qarşı açıq-aşkar uyğunsuz, balanslaşdırılmamış, qeyri-obyektiv və qeyri-konstruktiv qərar olduğunu bildirib.

"Bu, Avropa xalqlarının bərabər və demokratik təmsilçilik hüquqlarına və AŞPA-nın nüfuzuna həqiqətən ağır zərbədir. Avropa Şurasının təməl prinsiplərində qeyd olunan əməkdaşlıq və dialoqu önəmsəməyən və regionda sülhə və sabitliyə xidmət etməyən bu qərarın ləğv olunacağına ümid edirəm. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir", - deyə o bildirib.

Xatırladaq ki, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan Respublikasının nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyib.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.