Son dəqiqə

Azərbaycanda Prezident Seçkiləri - 2024

Bizi çağdaş dövrün bütün çağırışlarına cavab verən yeni bir dövlət və millət quruculuğu gözləyir - Deputat

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin 20 il prezidentliyi hakimiyyətdə olmaqdan daha çox, eramızdan əvvəlki proseslərdən bəhs edən bir rəvayətdəki sayaq, xalqını da yanına alıb, yırtıcılarla vuruşa-vuruşa, çarpışa-çarpışa yol getməyə bənzəyir.

Bu fikirləri TurkicWorld-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O qeyd edib ki, amma bu, sözügedən rəvayətdə nəql edildiyi kimi, yurddan gediş yox, yurduna dönüş yoludur və sentyabrın 20-də Azərbaycanın çağdaş sərhədləri çərçivəsində öz torpaqları üzərində suverenliyini tam təmin etməsi ilə onun birinci mərhələsi başa çatdı.

"Ümumiyyətlə, o, bütün imperialist çevrələrin qəti şəkildə qarşı çıxmalarına baxmayaraq, torpaqlarımızı savaş yolu ilə azad edərək, tarixin iki əsrlik gedişini dəyişən və son yüz ildə ilk Zəfər paradı keçirib dünyanın beşdən böyük olduğunu əməldə göstərən hələlik tək müsəlman liderdir.

Cənab İlham Əliyev bu 20 ildə Azərbaycana təkcə Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasına ilk üzv seçilən ölkə adı qazandırmadı. O, eyni zamanda, Azərbaycanı həmən BMT-nin kağız üzərində qalan qətnaməsini özü reallaşdırmaqla milli maraqlarının təmin olunmasında böyük güclərin təpki və təhdidlərinə sinə gərməyi bacaran bir dövlətə çevirə bildi.

Ona görə də əgər ötən əsrin sonlarına qədər Azərbaycan deyiləndə göz önünə daha çox neftlə zəngin yer gəlirdisə, indi XXI əsrin ilk açıq hibrid savaşını apararaq, ağıllı güc tətbiqi ilə öz məqsədinə çatmış əzmli, xarakterli bir xalq gəlir. Bu xarakter, əzm 20 il boyunca bəzilərinin istehza ilə qarşıladıqları beynəlxalq yarışmalarda, olimpiadalarda əldə edilən nəticə, qazanılan uğurlardan yoğrulub ki, arxasında cənab İlham Əliyevin iradəsi durur.

Onun ən böyük uğurlarından biri də ölkəmizdə sabitliyi təhdid edən qlobal xarakterli təhlükələri - rəngli inqilabları, iqtisadi-maliyyə böhranlarını soyuqqanlılıqla dəf etməklə bərabər, çox mürəkkəb bir məsələnin də öhdəsindən gəlməsi, keçid dövrünün reallıqlarına uyğun idarəçilik mexanizmini yenisi ilə əvəzləməsidir. Açığı, bu, qaçılmaz olduğu qədər də son dərəcə riskli bir addım idi, amma digər müsbət tərəfləri ilə birgə ikinci Qarabağ savaşında qələbənin təmin edilməsində də o, az rol oynamadı.

Böyük güclərin qarşı çıxmalarına rəğmən, əldə edilən bu qələbə, əslində, beynəlxalq konyunkturanın dağıdılması, təkcə Azərbaycanın deyil, maraq obyekti gözündə görülən bütün regionun subyektliyinə yol açan geosiyasi inqilabdır. Azərbaycan Prezidentinin “biz dünya miqyasında çox böyük layları tərpətdik” sözlərinin arxasındaki reallıq bax, budur. Məhz o reallığın nəticəsidir ki, bu gün Fransa neokolonializminə qarşı ayağa qalxanlar öz bayraqları ilə yanaşı, bizim artıq Xankəndidə dalğalanan üçrənglimizi də başları üzərinə qaldırırlar".

Deputatın sözlərinə görə, əksər ölkələrdə dövlət başçıları həm də Ali Baş Komandan funksiyasını yerinə yetirirlər:

"Vətən savaşı zamanı cənab İlham Əliyevin cəbhədə, diplomatiya və informasiya müstəvisindəki fəaliyyəti onun adi deyil, belə demək mükünsə, xüsusi təyinatlı Ali Baş Komdan olduğunu üzə çıxardı.

Biz son 20 ildə onu da gördük ki, cənab İlham Əliyev dünyada barmaqla sayılacaq qədər az yüksəkinformasiyalı liderlərdəndir və o seçilmişlərin özlərindən də həmin informasiyalardan daha operativ və daha müdrikcəsinə faydalanması ilə seçilir.

2018 və 2020-ci illərdə Prezident və parlament seçkilərinin vaxtlarının irəli çəkilməsindən, eləcə də, 44 günlük savaşdan az sonra nələr baş verdiyini yada salsaq, Azərbaycanın dövlət başçısının "Nəyi necə, nə vaxt etmək lazımdır - bunu mən bilirəm" sözlərini niyə dediyi tam anlaşılır.

Sonda cənab İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibədəki açıqlamasını xatırladaraq bildirmək istəyirəm ki, qarşıda, yəni növbəti mərhələdə bizi çağdaş dövrün bütün çağıışlarına cavab verən yeni bir dövlət və millət quruculuğu gözləyir. Biz bu gün 2003-cü ildəki ölkə ilə indiki arasındakı fərqi görüb nə qədər qürurlanırıqsa, əminəm ki, həmin mərhələ başa çatanda əldə edilən uğurlara baxıb indikindən daha artıq heyrətlənəcək və qürurlanacağıq".

Mövzuya görə xəbərlər