Bakı. TurkicWorld:
Bu gün Bakı "Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi" mövzusunda beynəlxalq konfransın ikinci günü keçirilir.
TurkicWorld xəbər verir ki, konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.