Makron yeni müstəmləkəçilik siyasəti aparır - Yeni Kaledoniya nümayəndəsi

Makron yeni müstəmləkəçilik siyasəti aparır - Yeni Kaledoniya nümayəndəsi

Bakı. TurkicWorld:

Makron yeni müstəmləkəçilik siyasəti aparır.

TurkicWorld xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Yeni Kaledoniya nümayəndəsi Kayizi Pier deyib.

"Ölkəmizin gələcəyi ilə bağlı qərarlar bizim və tərəfimizdən yaradılmış institutlar tərəfindən qəbul edilməlidir. Fransa bizi azadlıq imkanından məhrum edib və müstəqilliyimizi tanımaq istəmir. Makronun hazırda Fransada yeritdiyi siyasət müstəmləkəçilik siyasətidir", - deyən Kayizi Pier Yeni Kaledoniyanın məqsədinin Fransadan müstəqillik əldə etmək olduğunu bildirib.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.