Yenidən qurulan Zəngilan nəqliyyatda xüsusi üstünlüklərə malik olacaq - Vüqar Bayramov (ÖZƏL)

Yenidən qurulan Zəngilan nəqliyyatda xüsusi üstünlüklərə malik olacaq - Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənistan işğalınadək Zəngilan aqrar rayon kimi tanınsa da, artıq yenidən qurulan Zəngilan rayonu sənaye və xidmət sahəsində, o cümlədən nəqliyyatda xüsusi üstünlüklərə malik olacaq.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

"Zəngilan Azərbaycanın strateji rayonlarından biridir. Zəngilanın istər coğrafi mövqeyi, istərsə də iqtisadi baxımdan kifayət qədər böyük üstünlükləri var. Digər tərəfdən Zəngilan bol təbii ehtiyatları olan rayonlarımızdandır, həmçinin, burada çox fərqli təbii ehtiyatlar hasil edilir. Qızıl, mis və digər ehtiyatların olması həm də Zəngilanda sənaye müəssisələrinin inkişafına zəmin yaradır", -deyə V.Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, məskunlaşma prinsipinə uyğun olaraq daha qısa zamanda Zəngilan rayonunda iqtisadiyyatın formalaşması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası gözlənilir.

"Zəngilan rayonu Azərbaycan üçün həm də iqtisadiyyatda yeni dəyərin yaradılması baxımından vacib bölgələrimizdəndir. Bu isə öz növbəsində, Zəngilanın mövcud potensialından istifadə etməklə həmin rayonumuzda çox qısa zamanda iqtisadiyyatın yenidən formalaşmasına imkan yaradacaq. Bütün bunlar təbii ki, bölgənin inkişafı üçün xüsusi töhfə verəcək",- deyə V.Bayramov vurğulayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01