Avropa Parlamenti korrupsioner və oyunbaz siyasətçilərin yer aldığı qurumdur - Sahil Kərimli

Avropa Parlamenti korrupsioner və oyunbaz siyasətçilərin yer aldığı qurumdur - Sahil Kərimli

Bakı. TurkicWorld:

Avropa Parlamentinin (AP) korrupsiyalaşmış, siyasi oyunbazlıqla məşğul olan üzvlərinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə bizim üçün heç bir dəyəri olmayan kağız parçasıdır.

TurkicWorld xəbər verir ki, bunu AZƏRTAC-a siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, AP-nın növbəti bədnam addımı siyasi riyakarlığın, həyasızlığın və ədalətsizliyin ən böyük təzahürüdür.

"Sual olunur: Niyə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməlidir? Biz öz suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda haqlı mübarizə aparırıq. Dövlətimiz bölgədə terrorçuluğa, separatizmə qarşı amansız tədbirlər həyata keçirir. Qətnamələr, sanksiya hədəsi əgər buna görədirsə, demək ki, bəzi Avropa dairələri vicdanlarını tamamilə itiriblər. Görünən odur ki, Azərbaycanın müstəqil siyasəti, terrora qarşı qətiyyətli addımları Avropa dairələrini bərk narahat edir. Əks halda, Azərbaycana qarşı bu cür riyakar mövqe tutmazdılar", - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi şərhçi bildirib ki, Avropalı siyasətçilər ölkəmizin haqq savaşına mane olmaqdansa, öz korrupsiya əməllərinə baxıb utansınlar. Əslində, heç bir nüfuzu qalmayan əksər Avropa siyasətçilərinin də daxil olduğu Avropa Parlamenti buraxılmalı və yenidən formalaşdırılmalıdır. "Fransa Prezidenti Makron da başda olmaqla, bəzi Avropa liderlərinin həyasız antiazərbaycan siyasəti açıq aydın erməni separatizmini dəstəkləmək deməkdir. Bu, dərin təəssüf hissi doğurur. Onlar bu mövqeləri ilə dünyada özlərini rüsvay edir, özlərinin daha da nüfuzdan salırlar. Beləliklə, Avropa "demokratiya"sının, "ədalət"inin əsl üzü, əsl siması görünür. Əlbəttə ki, bu cür addımlar Azərbaycanı öz yolundan döndərə bilməz. Qətnamələr, əsassız bəyanatlar dövlətimizin qətiyyətli və milli maraqlara söykənən siyasətini dəyişə bilməz", - deyə Sahil Kərimli bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan öz yolu ilə sonadək gedəcək və ərazilərimizdəki terrorçuları son nəfərinədək zərərsizləşdirəcək. O, ölkəmizin Cənubi Qafqazda dayanıqlı sülhə nail olacağından əminliyini ifadə edib.