Son dəqiqə

Azərbaycan Türkiyə Qarabağ BMT Ermənistan Rəcəb Tayyib Ərdoğan Yalçın Topçu

Türkiyə Azərbaycana ərazi bütövlüyünü təmin etmək üçün hər zaman dəstək olacaq – Yalçın Topçu (ÖZƏL)

Bakı, TurkicWorld:

Türkiyə Azərbaycana ərazi bütövlüyünü və ictimai təhlükəsizliyini təmin etmək üçün hər zaman dəstək olacaq.

Bu sözləri TurkicWorld-ə özəl açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

“Türkiyə və Azərbaycan münasibətləri hər sahədə yüksəliş dövrünü yaşayır. İki qardaş ölkə arasında mövcud olan tarixi, mədəni, din və dil birliyi yeni mərhələyə keçib. Bu gün bütün dünya Türkiyə və Azərbaycanın texnoloji, iqtisadi və siyasi baxımından inkişafını görür”, - deyə o əlavə edib.

Y.Topçunun sözlərinə görə, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə həm bir-birinin problemləri ilə yaxından maraqlanır, həm də regionda və dünyada dövlətlərin sülh və firavanlığını ön planda tutur.

“Bu gün Türkiyə və Azərbaycan birliyi bölgədə hadisələrin gedişatını dəyişib. İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan bu qətiyyətli mövqe və ədalətli mübarizəyə tab gətirə bilmədi, hətta BMT qətnamələrinə baxmayaraq, 30 ildir işğal altında olan Qarabağ Azərbaycan Ordusu tərəfindən azad edildi. Lakin Ermənistan silahlı qüvvələri məğlubiyyəti qəbul etməyərək Qarabağda təxribat və terror fəaliyyətlərini davam etdirdi. Ermənistan çoxsaylı xəbərdarlıqlara baxmayaraq bölgəyə fərqli status vermək məqsədilə terror təşkilatları ilə Azərbaycanın təhlükəsizlik qüvvələrinə, günahsız dinc əhaliyə hücum etdi. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələri sentyabrın 20-də Qarabağda lokal antiterror tədbirlərinə başladı və nəticədə 24 saat ərzində Ermənistan və bəzi dövlətlərin dəstəklədiyi separatçılar təslim oldu”, - deyə o qeyd edib.

Y.Topçu onu da vurğulayıb ki, Türkiyə həmişə olduğu kimi Azərbaycanın haqq savaşında sona qədər yanında olub.

“Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında Azərbaycana dəstəyini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya bəyan etdi”, - deyə o əlavə edib.

Bundan əlavə, Y.Topçu antiterror tədbirlərində şəhid olan 192 qəhrəmanımıza Allahdan rəhmət, 512 qazimizə şəfa dilədiyini bildirib.

Mövzuya görə xəbərlər