2-ci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün əsas yaradıb - Metyu Brayza

2-ci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün əsas yaradıb -  Metyu Brayza

Bakı. TurkicWorld:

2-ci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün əsas yaradıb.

Bu barədə TurkicWorld-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

"Fikrimcə, 2-ci Qarabağ müharibəsi və yekunları Cənubi Qafqaz üçün böyük dönüş nöqtəsi oldu, belə ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün əsas qoyuldu. Düşünürəm ki, bu saziş tezliklə imzalanacaq. Bu sonrasında da ədalətli və davamlı sülhü təmin edəcək, Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə nəqliyyat əlaqələrini açmaqla ölkənin regional iqtisadiyyata reinteqrasiyasına səbəb olacaq.

Bundan başqa, həm Ermənistanın özünə, həm də Azərbaycana, Gürcüstana və Türkiyənin şərq bölgələrinə investisiya axını təmin ediləcək ki, bu da iş yerlərinin açılmasına imkan verəcək, iqtisadi artım və tərəqqini təmin edəcək", - deyə o vurğulayıb.

Brayza qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın atəşkəs barədə əsas şərtlərini yerinə yetirməyib və ən əsası, Azərbaycanın Qarabağ bölgəsində öz silahlı qüvvələrini saxlamaqla beynəlxalq hüququ pozub.

"Bu silahlı qüvvələr Azərbaycanın təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Onlar həm də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imzalama yolunda maneə yaradırdı, belə ki, siyasi opponentləri Azərbaycanla açıq münaqişəni qoruyub saxlamaq üçün vasitə kimi bu hərbi resurslardan istifadə etməsi üçün ona təzyiq göstərirdi.

Lakin indi, bu qoşunların Qarabağı tərk etdiyi, separatçı rejimin isə devrildiyi vaxtda, düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yol açıqdır. Əminəm ki, hər iki ölkə bunu istəyir. Lakin 2-ci Qarabağ müharibəsi olmadan bu mərhələyə çatmaq mümkün olmazdı", - keçmiş səfir deyib.

Brayza əvvəl Ermənistanın status-kvonu qoruyub saxlayan ölkə olduğunu xatırladıb. O, heç nəyi dəyişmək, razılaşma yolunda real irəliləyiş əldə etmək istəmirdi, Azərbaycan isə status-kvonun dəyişməsini və razılaşma yolunda irəliləyiş əldə etmək istəyirdi.

"Artıq vəziyyət dəyişib: məsələ daha əvvəl işğal altında olan ərazilərlə bağlı olduqda Azərbaycan status-kvonu qoruyub saxlayır və sülh sazişinin imzalanması yolunda irəliləməyə hazırdır", - deyə Brayza deyib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn