İşğaldan azad olunmuş ərazilər çox qısa zamanda bərpa olunur – Vüqar Bayramov (ÖZƏL)

İşğaldan azad olunmuş ərazilər çox qısa zamanda bərpa olunur – Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

İşğaldan azad olunmuş ərazilər çox qısa zamanda bərpa olunur və quruculuq işləri davam edir.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Nəzərə alsaq ki, bu gün həm Şərqi Zəngəzurda, həm Qarabağda böyük qayıdışı müşahidə edirik, Füzuliyə qayıdış Qarabağa böyük qayıdışın başlanğıcı idi. İlin sonuna qədər Füzuliyə 800 ailə köçəcək, bütövlükdə Qarabağa 2 min ailənin köçməsi gözlənilir. Eyni zamanda, 2026-cı ilədək Qarabağa təxminən 40 min ailənin köçəcəyi planlaşdırılır ki, bu da ondan xəbər verir ki, intensiv şəkildə biz məskunlaşmanı müşahidə edəcəyik”, - deyə o əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, 30 illik işğaldan Qarabağda və Şərqi Zəngəzurda qalan yalnız xarabalıqlar və basdırılmış minalar oldu.

“Bu gün Azərbaycan ermənilərin Qarabağda basdırdığı minaları təmizləyir, yəni "demining" prosesi aparır. Eyni zamanda, məhz Ermənistan işğalı nəticəsində xarabalığa çevirilmiş həmin əraziləri yenidən qurur, bərpa edir. Bu da Azərbaycanın gücünü göstərir və bir daha təsdiq edir ki, Azərbaycan prezidentinin rəhbərliyi altında həyata keçirilən siyasət Qarabağın və Şərqi Zəngəzurun daha qısa müddətdə daxili maliyyə mənbələr hesabına bərpasına xidmət edir. Ona görə də birmənalı şəkildə burada ölkə prezidentinin siyasi iradəsini və xüsusən də məskunlaşmanın intensivləşməsi ilə bağlı siyasi iradəsini qeyd etmək lazımdır. Çünki məhz bu siyasi iradə köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edir”, - deyə V.Bayramov vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Ləman Əsədli

Twitter: lamanasadli01