Türkiyə - Azərbaycan münasibətləri özünün qızıl dövrünü yaşamaqdadır - Hikmət Babaoğlu (ÖZƏL)

Türkiyə - Azərbaycan münasibətləri özünün qızıl dövrünü yaşamaqdadır - Hikmət Babaoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə - Azərbaycan münasibətləri özünün qızıl dövrünü yaşamaqdadır.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Türkiyə Azərbaycan münasibətləri özünün qızıl dövrünü yaşamaqdadır ki, bu da hər iki ölkənin liderlərinin-qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti cənab İlham Əliyevin səyləri ilə mümkün olubdur. Bu gün şübhəsiz ki, yeni dünya düzəni kontekstində hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması çox mühüm aktuallıq kəsb edir. Təhlükəsizlik dedikdə, həm iqtisadi, həm siyasi, həm regional-kommunikasiya təhlükəsizliyi kimi kompleks məsələlərin başa düşüldüyünü nəzərə alsaq, o zaman bir daha, Naxçıvanda birləşdirici rol oynayacaq mühüm əhəmiyyətli yeni enerji kommunikasiyalarının qarşılıqlı şəkildə inteqrasiya ediləcəyinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik", - deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, şübhəsiz ki, bu mənada İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Qars-İğdır-Naxçıvan dəmir yolu çəkilişi ilə bağlı layihələndirmənin təsdiq edilməsi kimi strateji məsələlər regionda bir dairəvi kommunikasiya şəbəkəsi yaradacaq ki, bu da təkcə Türkiyə və Azərbaycanın qarşılıqlı şəkildə inteqrasiyası deyil, eyni zamanda, Zəngəzur dəhlizi ilə Mərkəzi Asiyaya uzanacaq kommunikasiyaların qarşılıqlı inteqrasiyasıdır.

"Ona görə də qardaş ölkənin prezidenti Naxçıvan haqqında danışarkən qeyd etdi ki, Türkiyənin Orta Asiyaya açılan qapısıdır Naxçıvan. Bu, çox mühüm bir məsələdir, çünki nəticə etibarilə, elə Naxçıvanda əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı bu gün Türk Dövlətləri Təşkilatına çevrilib. Hal-hazırda bu istiqamətdə qarşılıqlı maraqlara söykənən mühüm inteqrasiya tədbirləri keçirilir. Şübhəsiz ki, bu konteksdə Zəngəzur dəhlizi ilə bağlı mesajların verilməsi, əslində, regiona və dünyaya sülh mesajlarının verilməsi idi. Çünki hər iki liderin ifadə etdiyi kimi: “Sülhün uduzan tərəfi olmur, sülh yalnız rifah gətirir”- deyə Milli Məclisin deputatı vurğulayıb.

Hikmət Babaoğlu əlavə edib ki, mən hesab edirəm ki, bu ifadəni Ermənistan dərk etməlidir. Çünki onun bölgədə kommuniukasiya inkişafına daha çox ehtiyacı var.

Aytac Əliyeva

Twitter: a_alieva_