
Bakı. TurkicWorld:
Azərbaycanın Qarabağda erməni separatçılarını təmizləmək üçün başlatdığı lokal antiterror tədbirlərində Türkiyə bir daha göstərdi ki, qardaş Azərbaycanın yanındadır.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkmən Həkimlər Dərnəyinin sədri Prof.Dr. Muhtar Fatih Beydili deyib.
“44 günlük Vətən müharibəsindən sonra bölgədə məsələlərin həlli üçün Azərbaycanla Ermənistan arasında davam edən diplomatik danışıqlar müsbət nəticə vermədi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamə ilə Rusiya sülhməramlıları bölgənin və mülki əhalinin təhlükəsizliyini, həmçinin, erməni silahlı dəstələrinin bölgədən kənarda saxlanmasını təmin etməli idi. Lakin aradan üç il keçməsinə baxmayaraq, erməni silahlı dəstələri bölgədə qalmaqda davam edərək tez-tez terror aktları həyata keçirdilər. Bütün bunlarla yanaşı, erməni separatçılarının yerləşdirdiyi minaların partlaması nəticəsində yeddi Azərbaycan polisi və bir mülki şəxs həyatını itirdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Qarabağda konstitusiya quruluşunu bərpa etmək üçün antiterror tədbirlərinə başladığını elan etdi. Can Azərbaycanın əsgərləri demək olar ki, bütün hədəflərin vurulduğunu və əməliyyatın uğurla tamamlandığını elan edərək, ilk gün erməni terrorçularının döyüş məntəqəsinin və digər hərbi texnikanın məhv edildiyini açıqladılar”, - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, mülki əhalinin və infrastruktur obyektlərinin hədəf alınmadığı lokal antiterror tədbirləri beynəlxalq hüquq baxımından tam əsaslıdır.
“Türkiyə Respublikasının dəstəyi ilə həmişə olduğu kimi, “Bir Millət, İki Dövlət” anlayışı bir daha reallığa çevrildi. Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda başlatdığı antiterror tədbirləri ilə bağlı açıqlama verərək qardaş ölkənin yanında olduğunu açıqladı. Təbii ki, bu hadisələr davam edərkən ən böyük dəstək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi idi. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı Türkiyənin Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini əvvəldən dəstəklədiyini, lakin Ermənistanın bu fürsətdən lazımi şəkildə yararlana bilmədiyini və Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha qeyd etdi qeyd etdi”, - deyə o vurğulayıb.
M.F.Beydili onu da bildirib ki, Ermənistanın birinci prioriteti Zəngəzur dəhlizinin açılması olmalıdır.
“Bundan əlavə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu haqlı addımlarını dəstəklədiklərini bildirərkən, müdafiə naziri Yaşar Gülər hər zaman olduğu kimi indi də Azərbaycanın yanında olduğunu vurğuladı. Təbii ki, digər tərəfdən Qərbdə və regionda bəzi dövlətlər Türkiyənin Azərbaycana verdiyi dəstəkdən narahat idi”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bölgədə sülh masası qurulacaqsa, onun başında Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan olmalıdır.
“Bu gün bütün dünya bilməlidir ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olub və olmağa davam edəcək”, - deyə M.F.Beydili qeyd edib.
Ləman Əsədli
Twitter: lamanasadli01