Bakı. TurkicWorld:
Sentyabrın 15-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda yeni tədris ilinin başlanması münasibətilə mərasim keçirilib.
Bu barədə TurkicWorld-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Mərasimdə Milli Müdafiə Universitetinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi institutun şəxsi heyəti, müəllimlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızım xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyəti Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
General-leytenant H.Piriyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatların müsbət nəticələrindən, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Mərasimdə kursantların hazırlıq səviyyəsinin artırılması, nizam-intizamın və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqları çatdırılıb.
Digər çıxış edənlər yaradılan hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra 2022-2023-cü təhsil ilində təlim və tədrisdə fərqlənən bir qrup kursant mükafatlandırılıb.
Sonda Milli Müdafiə Universitetinin rəhbərliyi pedoqoji kollektivlə görüşüb, dərslərin daha keyfiyyətli keçirilməsi ilə bağlı tövsiyələrini çatdırıb.