Son dəqiqə

Azərbaycan Ermənistan Ağdam-Xankəndi yolu Laçın yolu Karlos Uriarte Sançes

Ermənilər Ağdam-Xankəndi yolunun açılmasına razılaşmalı və "blokada"dan şikayət etməyə son qoymalıdır - Panavropa İttifaqının İspaniya komitəsinin baş katibi

Bakı. TurkicWorld:

Qarabağdakı ermənilər Ağdam-Xankəndi yolunun açılmasına razılaşmalı və Laçın yolunun "blokada"da olduğundan şikayət etməyə son qoymalıdır.

Bu barədə TurkicWorld-ə özəl müsahibəsində Panavropa İttifaqının İspaniya komitəsinin baş katibi və Beynəlxalq Panavropa İttifaqı Rəyasət Heyətinin üzvü, Kral Xuan Karlos adına Universitetin hüquq professoru Karlos Uriarte Sançes deyib.

"Qarabağdakı ermənilər yalnız Laçın yolundan istifadə etmək istəyir, lakin daha əvvəl Ermənistan bu yoldan sui-istifadə edərək, bu yolla silah daşıyıb. Azərbaycan suveren dövlət olaraq Xankəndidəki ermənilərin Ermənistanla əlaqə saxlaması üçün hansı marşrutun daha yaxşı olduğuna qərar vermək hüququna malikdir. Azərbaycan Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edirsə, Ermənistan Laçın yolundan istifadə edə bilmədiklərindən şikayətlənmək yerinə, bu imkandan yararlanmalıdır", - deyə o vurğulayıb.

Qondarma "humanitar böhran"ı şərh edən Karlos Uriarte Sançes bildirib ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərində etnik erməniləri təcrid etməyə çalışmayacaq.

"Azərbaycan ərazisindəki ermənilərin təcrid olunduğu və məhsulları ala bilmədiyi barədə danışıqlar, fikrimcə, həqiqətə uyğun deyil, çünki Azərbaycan münaqişənin davam etməsində maraqlı deyil. Hesab edirəm ki, "humanitar böhran" hər iki tərəfin həll etməli olduğu münaqişəni gündəmdə saxlamaq məqsədilə Ermənistan tərəfindən həyata keçirilən təbliğatdır", - deyə professor vurğulayıb.

O bildirib ki, Azərbaycan 2020-ci il müharibəsində qalib gəlib və Ermənistan bu faktı qəbul etməlidir. Hər iki tərəf dayanıqlı sülhə nail olmaq və müvafiq saziş imzalamaq üçün əməkdaşlıq etməlidir. Xüsusən ermənilər vəziyyəti qəbul etməli və şikayətlərə son qoymalı, keçmişə qayıdaraq, hər şeyin necə fərqli ola biləcəyi barədə düşünməkdən vaz keçməlidir.

"Düşünürəm ki, hər iki tərəf gələcək barədə düşünməlidir. Lakin indi gördüyüm odur ki, ermənilər hələ də keçmişdə ilişib qalıb; onlar nəyin baş verəcəyinə çox da diqqət yetirmirlər. Lakin Azərbaycan artıq irəliyə baxır və Qarabağda yaşayan erməni azlıq üçün yaxşı şərait təklif edir", - Karlos Uriarte Sançes deyib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərin inkişafı və dirçəlişi üzrə səylərini vurğulayan professor əlavə edib:

"Etnik ermənilər bu dəstəyi və yardımı qəbul etməlidir, çünki onlar Azərbaycan vətəndaşıdır. Onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdır və Azərbaycan bunun üçün mümkün olan hər şeyi edir".

Azərbayanla İspaniya əlaqələrindən danışan professor iki ölkənin möhkəm əlaqələrə malik olduğunu və beynəlxalq hüququn təməl aspekti olan ərazi bütövlüyü prinsipinə sadiq olduğunu qeyd edib.

İspaniyada bu, Kataloniyada separatçı qruplaşmaların mövcud olduğu şəraitdə xüsusən nəzərə çarpır, bu Azərbaycanın Qarabağ bölgəsi ilə analoji vəziyyətdir. Bu kontekstdə hər iki ölkə ərazi bütövlüyünün qorunub saxlanılmasının tərəfdarıdır.

"İspaniya və Azərbaycan arasında heç bir münaqişə və ya fikir ayrılığı yoxdur, lakin münasibətlərimiz daha dərin ola bilər. Coğrafi cəhətdən bir-birimizdən uzaqda yerləşirik, lakin fikrimcə, hər iki tərəf üçün potensial var və münasibətləri gücləndirmək olar. Misal üçün, sizin İspaniyada Azərbaycan səfiriniz var, lakin əfsuslar olsun ki, bizim hələ də Azərbaycanda səfirliyimiz yoxdur. Hazırda münasibətlər Türkiyənin Ankara şəhərindəki səfirlik vasitəsilə tənzimlənir. Bu səbəbdən mümkün qədər tez bir zamanda İspaniyanın Bakıda səfirliyinin açılması çox vacibdir", - deyə o vurğulayıb.

Karlos Uriarte Sançes qeyd edib ki, iki ölkə təhsil və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirə bilər. Bundan başqa, İspaniya və Azərbaycan bənzər coğrafi xüsusiyyətlərə malikdir. İspaniya Aralıq dənizi sahillərində, Azərbaycan isə Xəzər dənizi sahillərində yerləşir.

"Coğrafi mövqe İspaniyanın qarşısında çoxlu imkanlar açır. İspaniya Avrasiya ilə Latın Amerikası arasında, Azərbaycan isə Avropa ilə Asiya arasında hab olaraq çıxış edir. Düşünürəm ki, iki ölkə bu üstünlüklərdən yararlanmaq üçün birgə çalışa bilər", - o deyib.

Professor, həmçinin, hər iki ölkənin multikulturalizmi, miqrantların və qaçqınların inteqrasiyasını dəstəklədiyini vurğulayıb. İspaniya Azərbaycanın multikulturalizm sahəsində təcrübəsindən dərs götürə bilər, çünki onun fikrincə, Azərbaycan bu sahədə qiymətli təcrübəyə malikdir.

"Biz Azərbaycandan benzin və qaz kimi təbii resurslar idxal edə bilərik; sizin həm də meşə materiallarınız var. Bundan başqa, İspaniya bərpa olunan enerji mənbələri sahəsində liderdir və Azərbaycan bizim bu sahədəki qiymətli təcrübəmizə yiyələnə bilər. İdxal və ixrac məsələlərinə gəlincə, fikrimcə, hər iki tərəf əməkdaşlığın yaxşılaşdırıla biləcəyi sahələrə malikdir, belə ki, hazırda aramızda mümkün olduğu qədər çox iqtisadi mübadilə baş vermir. Bununla bağlı düşünürəm ki, əməkdaşlığımızda daha çox iqtisadi əlaqələrə nail ola bilərik", - deyə o vurğulayıb.

Professor daha sonra Azərbaycana səfərinin təəssüratlarını bölüşüb və bir çox məhsuldar görüşlərinin və qarşılıqlı əlaqələrinin olduğunu vurğulayıb.

O, universitet nümayəndələri ilə görüşlər keçirib, ADA Universitetində mühazirə oxuyub və müxtəlif institutları, o cümlədən, parlamenti və multikultural mərkəzləri ziyarət edib. Karlos Uriarte Sançes şəhəri tədqiq edərək, əhəmiyyət kəsb edən görməli yerləri ziyarət edib və yerli sakinlərlə söhbət edib. Professorun fikrincə, bu, onun Azərbaycana sonuncu səfəri olmayacaq.

"Mən Bakı Dövlət Universitetində oldum və orada, o cümlədən, beynəlxalq əlaqələr üzrə prorektorla və hüquq fakültəsinin dekanı ilə bir sıra görüşlər keçirdim. Həmçinin, ADA Universitetində mühazirə oxudum və universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunda oldum. Bundan başqa, parlamentdə Azərbaycanla İspaniya arasında dostluq əlaqələrinin inkişafına cavabdeh olan deputatlarla ünsiyyətdə oldum. Həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM), Topçubaşov Mərkəzində və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) oldum. Bu görüşlər zamanı işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə təsəvvürüm formalaşdı və Azərbaycanın beynəlxalq prioritetləri barədə öyrəndim", - Karlos Uriarte Sançes deyib.

Professor son olaraq Azərbaycanla İspaniyanı möhkəm əlaqələrin birləşdirdiyini vurğulayıb və bildirib ki, iki ölkə arasında çox gözəl münasibətlərin olmasına baxmayaraq, müəyyən sahələrdə əməkdaşlığı daha da yaxşılaşdırmaq olar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Mövzuya görə xəbərlər