Son dəqiqə

Azərbaycan Ermənistan Hikmət Babaoğlu

Azərbaycanın razılığı olmadan Qafan hava limanı fəaliyyət göstərə bilməz - Hikmət Babaoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycanla razılaşdırılmayan hava limanı əsla fəaliyyət göstərə bilməz.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Ermənistan sülhün əldə edilməməsi üçün mümkün bütün təxribatlara əl atır .Ancaq unudur ki, sülh hal-hazırda daha çox onların özünə lazımdır. Çünki hərbi-strateji üstünlük və mövcud beynəlxalq şərtlər Azərbaycanın lehinədir. Üstəlik zaman da Azərbaycanın lehinə işləyir. Yəni bugünki şərtlərlə sülh imzalamaq istəməyən Ermənistan, çox keçmədən indiki şərtlərlə sülh üçün yalvarmalı olacaq. Ancaq onda da təbii ki, Azərbaycan yaratdığı daha üstün şərtlərlə sülh istəyəcək. Ona görə də Ermənistan Qafan hava limanı təxribatındansa, ilk növbədə Azərbaycanla sülhə nail olmağa çalışmalıdır", - deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanla sərhəddin dibində yerləşən, üstəlik 1987-1991-ci ilə qədər əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan, hazırda isə Zəngəzur dəhlizinin üzərində əsas keçid məntəqələrindən biri olan Qafanda bütün bu məsələlərə aydınlıq gətirilmədən, sərhədlər ən azı demarkasiya edilmədən, Qafana qayıdacaq azərbaycanlıların hüquqları bərpa olunmadan tələm-tələsik belə bir addımın atılması absurddur.

"Qafan rayonunun relyefi və coğrafiyası olduqca mürəkkəbdir. Kiçik Qafqazın yüksək zirvələri ilə əhatə olunduğuna və bu zirvələr Azərbaycanın dövlət sərhəddi ilə kəsişdiyinə görə Azərbaycanın hava məkanını pozmadan təyyarələrin enib – qalxması mümkün deyil. Sovet dövründə sərhədlər şərti və ortaq olduğu üçün təyyarələrin hansı sərhəddi nə qədər pozması o qədər də ciddi qanun pozuntusu hesab edilmirdi. Ancaq indi söhbət iki müstəqil və eyni zamanda Ermənistanın antisülh siyasəti ucbatından müharibə vəziyyətində olan ölkədən gedir. Üstəlik hər kəsə aydındır ki, Ermənistan bu hava limanı vasitəsi ilə sərhədlərimizə müxtəlif silah-sursat növləti daşıyacaq və bu limanı həm də hərbi liman kim istifadə etmək üçün əlindən gələni edəcək. Ona görə də sərhəd hava limanları ilə bağlı məsələlər Avropada necə qonşu ölkələr arasında xüsusi razılşma ilə nizamlanırsa, ermənilər də bunu etməlidirlər"- deyə Milli Məclisin deputatı vurğulayıb.

Hikmət Babaoğlu əlavə edib ki, əks təqdirdə, Azərbaycanla razılaşdırılmayan hava limanı əsla fəaliyyət göstərə bilməz. Azərbaycan öz təhlükəsizliyini təhdid edən belə bir obyektin istismar olunmasına yol verməz.

Mövzuya görə xəbərlər