Azərbaycan ədalətli mövqeyini bir daha dünyaya bəyan etdi – Musa Quliyev (ÖZƏL)

Azərbaycan ədalətli mövqeyini bir daha dünyaya bəyan etdi – Musa Quliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bir daha Azərbaycanın ədalətli mövqeyini dünyaya bəyan etdi.

Bunu TurkicWorld-ə özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Cənab İlham Əliyev bir daha Azərbaycanın sülh və hüquq müstəvisində konflikti həll etməyə maraqlı olduğunu göstərdi. Eyni zamanda, Cənab Prezident gələcəyə yönəlik olduqca ciddi, əhəmiyyətli və tarixi fikirlər söylədi. Heç şübhəsiz ki, bölgədə daimi sülhün, əmin-amanlığın və əməkdaşlığın olması üçün Azərbaycan-Ermənistan arasında münaqişə törədən bütün səbəblər aradan qalxmalıdır. Ali Baş Komandan onu da qeyd etdi ki, birinci növbədə Qarabağdakı qanunsuz erməni silahlıları oradan çıxıb getməlidir və yaxud tərk-silah olunmalıdır”, - deyə M.Quliyev əlavə edib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Qarabağda və İrəvanda yaşayan ermənilərə də müraciət etdi.

"O, Azərbaycanın sülh və humanist mövqedə bütün qonşuları ilə bərabər mehriban qonşuluq siyasəti yürütməyin tərəfdarı olduğunu və bu müharibənin ədalətli sülhlə bitməsini istədiyini bildirdi. Bundan əlavə, Qarabağ ermənilərinə müraciətində Cənab prezident qeyd etdi ki, onlar seçim etməlidirlər, ya Azərbaycanın konstitusiyasını qəbul edərək digər Azərbaycan vətəndaşlarının malik olduğu hüquq və azadlıqları, həmçinin, digər təminatları əldə edərək zəngin Azərbaycan dövlətinin vətəndaşı olaraq yaşamalıdırlar, ya da bu əraziləri tərk etməlidirlər", - deyə M.Quliyev vurğulayıb.

Millət vəkili hesab edir ki, Azərbaycan bu münaqişənin qısa müddət ərzində tamamilə aradan qaldırılmasının, Ermənistanla sülh müqaviləsinin imzalanmasının və bölgədə böyük tərəqqi dövrünün başlamasının tərəfdarıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev 2 avqust tarixində “Euronews” televiziyasına müsahibə verib.

Ləman Əsədli
Twitter: lamanasadli01