Minsk qrupunun bərpası cəhdlərinin məqsədi Azərbaycan-Ermənistan sülh müqaviləsinə əngəl olmaqdır – Musa Quliyev

Minsk qrupunun bərpası cəhdlərinin məqsədi Azərbaycan-Ermənistan sülh müqaviləsinə əngəl olmaqdır – Musa Quliyev

Bakı. TurkicWorld:

ATƏT-in Minsk qrupunun bərpası cəhdlərinin məqsədi Azərbaycan-Ermənistan sülh müqaviləsinə əngəl olmaqdır və bu Amerikanın siyasəti deyil, məhz erməni lobisinin fikirləridir.

Bunu TurkicWorld-ə özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq” deyərək lazımi cavabı verib.

“44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli ordumuz Qarabağ problemini birdəfəlik həll etdi. Eyni zamanda, post-müharibə dövründə Azərbaycanın diqtəsi ilə Ermənistanla münaqişənin sona çatması və bölgədə sülhün yaranması istiqamətində uğurlu fəaliyyət göstərilir. Təbii ki, bölgədə hər zaman digər dövlətlərin marağı olub və gələcəkdə də olacaq, lakin bu maraqların heç biri Azərbaycanın dövlət maraqlarından üstün ola bilməz”, - deyə M.Quliyev əlavə edib.

M.Quliyev onu da bildirib ki, bölgənin gələcəyi çox güman ki, iki titul dövlət Türkiyə və Azərbaycandan asılı olacaq.

“Fransanın açıq-aydın ernənipərəst siyasət yürüdərək Azərbaycana düşmənçilik etməsi, İran və Rusiyanın bölgədə imperialist maraqlarından əl çəkməməsi, ABŞ və digər dövlətlərin də C.Qafqazda söz sahibi olmaq üçün müəyyən fəaliyyətləri heç bir nəticə verməyəcək”, - deyə o qeyd edib.

Ləman Əsədli
Twitter: lamanasadli01