Yunanıstan-Bolqarıstan interkonnektoru ilə nəql olunan qazın həcmi açıqlandı

Yunanıstan-Bolqarıstan interkonnektoru ilə nəql olunan qazın həcmi açıqlandı

Bakı. TurkicWorld:

1 oktyabr 2022-ci il tarixində kommersiya istismarına verildikdən sonra 2023-cü il iyunun sonunadək Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə 12,7 milyon meqavat-saat qaz nəql olunub.

TurkicWorld-ə bu barədə boru kəmərinin operatoru olan şirkətindən ICGB deyiblər.

"Yunanıstan və Bolqarıstanın qaz nəqli sistemlərini birləşdirən boru kəmərinin hazırki imkanları ildə 3 milyard kubmetrdir. 1,57 milyard kubmetr artıq uzunmüddətli müqavilələrlə 25 illik müddətə bron edilib. Yerdə qalan imkanlar müxtəlif müddətlərlə Avropanın "PRISMA" və "RBP" platformalarına çıxarılır. İllik imkanlar üzrə hərraclar uğurla yekunlaşdıqdan sonra IGB-nin növbəti qaz ili (2023-2024-cü illər) üzrə ümumi imkanlarının artıq 80 faizi bron edilib", - deyə şirkətdən bildiriblər.

Qeyd olunduğu kimi, boru kəmərinin istismarına görə cavabdehlik daşıyan və ötürmə sisteminin müstəqil operatoru olan ICGB infrastrukturun buraxılış imkanlarının ildə 5 milyard kubmetrədək artırılmasında bazarın maraqlı olub-olmadığını öyrənmək məqsədilə bu yaxında buraxılış imkanlarının artırılması prosedurunu başladıb.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.