BAKI,TurkicWorld
Bolqarıstanla Azərbaycan arasında enerji və şəhərlərarası əməkdaşlıq genişlənir.
TurkicWorld xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.
Səfir bildirib ki, Bolqarıstan və Azərbaycan arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir, xüsusilə enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ötən il Azərbaycan Bolqarıstanın qaz tələbatının təxminən üçdə ikisini təmin edib. Diplomat həmçinin qeyd edib ki, hazırda iki ölkə arasında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin ötürülməsini nəzərdə tutan layihə üzərində iş aparılır.
Səfir vurğulayıb ki, bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanacaq dördtərəfli razılaşma çərçivəsində həyata keçiriləcək. Sənədə əsasən, ölkələr arasında enerji ötürülməsi üçün elektrik kabelinin çəkilməsi planlaşdırılır.
Ruslan Stoyanov bildirib ki, Bolqarıstanın yüksək səviyyəli rəsmiləri son aylarda Azərbaycana səfər edib və qarşılıqlı səfərlərin davamı gözlənilir. Onun sözlərinə görə, Bolqarıstanın dövlət başçısı yaxın aylarda Azərbaycana səfər etməyi planlaşdırır və bu səfər zamanı yeni mühüm sazişlərin imzalanması nəzərdə tutulur.
Səfir əlavə edib ki, Bolqarıstan və Azərbaycan arasında şəhərlərarası əlaqələr də inkişaf edir. Onun sözlərinə görə, Veliko Tırnovo ilə Şuşa qardaşlaşmış şəhərlərdir və Şuşada parkın salınması planlaşdırılır.







