Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək - Cahit Bağcı

Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək - Cahit Bağcı

Bakı. TurkicWorld:

Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək.

TurkicWorld-in məlumatına görə, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib.

"Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlığının daha bir sübutu idi", - səfir əlavə edib.

Yeddi il bundan əvvəl baş verən hadisələr zamanı həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyən diplomat bildirib ki, o zaman Türkiyə xalqı FETÖ-nün xain hücumuna qarşı inadla mübarizə apararaq tarixə imza atıb.

“FETÖ qlobal şəkildə öz fəaliyyətini hələ də davam etdirir və sülhə qarşı öz xain planlarını hər zaman həyata keçirməyə çalışır”, - səfir vurğulayıb.

Xatırladaq ki, Türkiyədə hərbi çevriliş cəhdindən 7 il ötür. 2016-cı il iyulun 15-də 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbçi cəlb edilib. O qanlı və qaranlıq gecədə Türkiyənin gün işığına çıxması üçün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.

Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa edib.

26 iyul 2016-cı ildə Boğaziçi körpüsünün adı dəyişdirilərək, 15 İyul Şəhidlər Körpüsü olub.

2017-ci il 16 iyul tarixində 15 iyul dövlət çevrilişinə cəhdin birinci ili münasibəti ilə Ankarada 15 İyul Şəhidləri abidəsinin açılışı olub.

2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı, Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Qardaş Türkiyə xalqı Azərbaycanın haqlı və qətiyyətli mövqeyini hər zaman yüksək dəyərləndirib.

15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.