Son dəqiqə

Azərbaycan Ermənistan Hikmət Babaoğlu Qoşulmama Hərəkatı

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatındakı çıxışı Ermənistana bir daha xəbərdarlıq idi - Hikmət Babaoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatındakı çıxışı Ermənistana bir daha xəbərdarlıq idi.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Qoşulmama Hərəkatının əlaqələndirmə bürosunun Xarici İşlər nazirlərinin Azərbaycanda keçirilən görüşündə cənab Prezident İlham Əliyevin etdiyi çıxış hər şeydən əvvəl, çox qətiyyətli, cəsarətli və tarixi bir çıxış idi. Çünki Azərbaycan Prezidenti qlobal bir lider kimi, Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək dünyanın bu gün üzləşdiyi aktual problemlərdən danışdı. Bu çıxışda ölkə başçımız Fransanın neokolonializm siyasətindən başlamış, BMT Təhlükəsizlik şurasında aparılmalı olan nüvə islahatları, regionun aktual problemləri məsələlərinə toxundu. Bu konteksdə 2019-cu ildən, yəni Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi vaxtdan bu günə qədər hərəkatın əldə etdiyi uğurlardan danışdı", - deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, şübhəsiz ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının yeni dünya nizamında oynaya biləcəyi mühüm roldan da bəhs etdi. Hansı ki, bu çox aktual bir məsələdir. Eyni zamanda bugünki Bakı konfransının əsas paradiqması tolerantlıq, bərabərlik və sülh idi. Yəni konfrans belə adlandırılırdı. Ona görə də cənab Prezident İlham Əliyev sülhün aktuallığı məsələsinə də toxundu.

"Ölkə başçısı nitqində bu gün hələ də ermənilərin və onların havadarlarının regional sülhə maneə yaratdıqlarını vurğuladı. Prezidentin bu xüsusdakı çıxışı şübhəsiz ki, məlumat xarakterli deyildi, bu çıxış bir xəbərdarlıq idi. Çünki regionun və dünyanın bu gün, heç bir zaman olmadığı qədər sülhə ehtiyacı var. Bu konfransda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə erməni quldur dəstələrinin təxribat törətməsi məsələsinə toxunuldu və bu heç təsadüfi deyildi. Gələcəkdə zərurət yaranarsa, Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə alacaq"- deyə Milli Məclisin deputatı vurğulayıb.

Mövzuya görə xəbərlər