Azərbaycan və Argentina ədəbiyyat və kino sahəsində əməkdaşlıq edir - Səfir

Azərbaycan və Argentina ədəbiyyat və kino sahəsində əməkdaşlıq edir - Səfir

Bakı. TurkicWorld:

Argentina "Cənub Proqramı" vasitəsilə Argentina yazıçılarının əsərlərini müxtəlif dillərə tərcümə edərək təbliğ etmək siyasətini həyata keçirir.

TurkicWorld-un məlumatına görə, bu barədə Argentinanın Azərbaycandakı səfiri Mariyanxeles Beluççi ölkənin milli bayramına həsr olunan tədbir zamanı deyib.

"Bu proqram çərçivəsində artıq 5 əsər Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub, daha bir əsərimiz isə tərcümə mərhələsindədir. Bundan əlavə, Argentina haqqında 7 dərslik tərcümə edilərək nəşr olunub, onlar Azərbaycan Dillər Universitetinin sərəncamındadır", - deyə səfir bildirib.

Onun sözlərinə görə, səfirlik kino sənayesinin təbliği ilə də fəal məşğul olur:

"Biz Argentina Milli Kino və Audiovizual İncəsənət İnstitutu (INCAA) ilə danışıqlarda irəliləyirik ki, Bakı tezliklə Madrid, Paris, Roma, Havana və Nyu-Yorka qoşularaq Argentina kinosunun yayım mərkəzinə çevrilsin".

O, həmçinin qeyd edib ki, Azərbaycan xalqının qonaqpərvərliyi və səmimiyyəti sayəsində Azərbaycanda özünü evdəki kimi hiss edir.